Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana daxil olan suyun həcmi 30 faiz azalıb

Son illərdə Azərbaycanda iqlimlə bağlı ekstremal hadisələrin intensivliyi kəskin şəkildə artıb.

AZƏRTAC-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən "İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkədə daşqın hadisələrinin sayı 80 dəfə, quraqlıqların müddəti 80 faiz, 30 dərəcədən yuxarı temperatur olan günlərin sayı altı dəfə artıb. Habelə meşə yanğınları beş dəfə, güclü küləklər isə 12 dəfə çoxalıb, yağıntı hadisələrinin tezliyi isə altı dəfə artıb.

"Bu rəqəmlər göstərir ki, ölkədə hava şəraiti ilə bağlı güclü erkən xəbərdarlıq sistemlərinin yaradılması və təkmilləşdirilməsi həyati əhəmiyyət daşıyır", – U.Tağıyeva vurğulayıb.

O əlavə edib ki, iqlim dəyişiklikləri nəticəsində Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb.

Xatırlatma

Son illər Azərbaycanda həm içməli, həm də texniki su qıtlığı ilə bağlı şikayətlər eşidilir. Rayonlarda ayrı-ayrı fermerlər su qıtlığı üzündən məhsullarının böyük həcimdə ziyan çəkdiyini deyirlər. Paytaxtın özündə isə bəzi ərazilərdə günlərlə, həftələrlə suyun verilmədiyi bildirilir. Üstəlik, son illər Bakıda bir çox ərazilərdə suyun verilməsi gün ərzində normalara bölünür. Rəsmilərin vədlərinə görə, ölkədə 2030-cu ilə qədər içməli 90, suvarma suyuna isə tələbatın 95 faizi səmərəli şəkildə ödənməlidir.