Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub
10 Sentyabr 2024
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı zamanı iki ölkə arasındakı mövcud əməkdaşlıq gündəliyini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov həmkarını Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzu edib.
Həmçinin iki ölkə arasında qarşılıqlı hörmət və dəstək, habelə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu ifadə edilib.
Ukrayna XİN başçısı Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlığın bundan sonra da gücləndirilməsinə dair ümidvar olduğunu bildirib.
Telefon danışığı zamanı Ukrayna ətrafında yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, xüsusilə İrpen şəhərində infrastrukturun bərpa və yenidənqurmasına, habelə minatəmizləmə fəaliyyətinə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.