Azərbaycan və Ermənistan dövlət sərhədi komissiyalarının birgə fəaliyyəti barədə razılığa gəlib
30 Avqust 2024
Avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.
Bu barədə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Məlumata görə, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
"Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar", deyə məlumatda qeyd edilib.
Ermənistan Xarici İşlər Nazirliyi də eyni məzmunlu məlumat yayıb.
* Aprel ayında başlayan delimitasiya işləri nəticəsində Azərbaycan və Ermənistan arasında 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bu, may ayında Qazax rayonunun 4 kəndinin - Baqaniz Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı kəndlərinin ərazilərinin Azərbaycana qaytarılmasını təmin edib.
Qazax rayonunun digər üç kəndi - Yuxarı Əskipara, Bərxudarlı və Sofulu, həmçinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi hələ də Ermənistanın işğalı altındadır.
Ermənistanın Başkənd kəndi (ermənicə adı Artsvaşen) Azərbaycanın nəzarəti altındadır.