Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan və Ermənistan delimitasiya işini sürətləndirmək qərarına gəliblər

Noyabrın 3-də Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya (qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsi-red) komissiyalarının iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, iclas Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında gerçəkləşib.

Hər iki ökə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü iclası olub.

İclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino nümayəndə heyətlərini salamlayıb, iki ölkə arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduqlarını təsdiq edib:

“Tərəflər, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər”.

Açıqlamya görə, tərəflər habelə komissiyaların birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılaşıblar:

“Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər”.

Bundan əvvəlki görüşlər


Komissiyaların bundan əvvəlki iclası avqustun 30-da Rusiya paytaxtı Moskva şəhərində gerçəkləşmişdi.

Azərbaycan XİN-in bildirməsinə görə, tərəflər onda təşkilati, prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Sərhədinin delimitasiya üzrə Dövlət Komissiyası Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki ölkənin lideri arasında aparılan danışıqların nəticəsində bu il yaradılıb.

Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya isə 2020-ci il noyabrın 10-da üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşmadan sonra həmin formatda aparılan danışıqların gedişində yaradılıb.

Xatırlatma


Bu il mayın 22-də Azərbaycan və Ermənistan liderləri - Əliyevlə Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşmüşdülər.

Tərəflər sərhədlərin müəyyən edilməsi üçün komissiyanın işə başlaması üzrə razılığa gəlmişdilər.

Həmin görüşdən bir gün sonra - mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər.

Komissiyaların ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədində keçirilib.

Tərəflər komissiyalar çərçivəsində delimitasiya, o cümlədən sərhəddə təhlükəsizliyin təminatıyla bağlı məsələlər üzrə işləməyə razılaşıblar.