Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan Serbiyada elektrik stansiyası tikəcək

Serbiya və Azərbaycan fevralın 15-də Serbiyada qazla işləyən elektrik stansiyasının tikintisi üzrə saziş imzalayıblar. Sənəd fevralın 15-də Azərbaycan prezidenti İlham Əliyevin Belqrada səfəri zamanı imzalanıb.

Serbiya prezidenti Aleksandar Vuçiç deyib ki, stansiyanın 2029-cu iləcən açılacağı gözlənilir.

Əliyevin sözlərinə görə, bu stansiyanın tikintisi Azərbaycanın Avropada ən böyük sərmayələrindən biri olacaq.

"Bu məsələ üzərində prezident nəzarəti olacaq. Bu elektrik stansiyası və bununla bağlı proses Serbiyadakı investisiya mühiti sayəsində mümkün olub", – Əliyev Vuçiçlə mətbuata birgə müraciətində deyib.

O, həmçinin elektrik stansiyasının tikintisini "enerji sektorunda şaxələndirmənin vacib indikatoru" adlandırıb, Azərbaycanın Serbiyada mövcud elektrik stansiyalarının tikintisi və modernizasiyasına "böyük məbləğlər" yatırmağa hazır olduğunu vurğulayıb.

Əliyev Azərbaycanın Serbiyaya təbii qaz göndərməyə başladığını yada salıb.

"Bu gün ixrac həcmlərini artırmağa razılaşdıq, qaz elektrikə çevriləcək. Daxili bazar üçün təmiz enerji istehsal ediləcək, Serbiya üçün ixrac imkanları da yaxın zamanda yaradılacaq", – Əliyev bildirib.

"Əliyevdən xahiş etdim ki, bu işdə bizə şəxsən kömək etsin"

Vuçiç deyib ki, 500 meqavatlıq elektrik stansiyası Serbiyanın cənubundakı Niş şəhərində 2029-cu ildə açılacaq. O, daha çox belə stansiyanın tikilməsinin vacibliyini qeyd edib.

"Elektrik hasilatı üçün xeyli yeni mənbələr olmalıdır. Prezident Əliyevdən xahiş etdim ki, bu işdə bizə şəxsən kömək etsin", – Vuçiç deyib.

AzadlıqRadiosunun Balkan xidməti xəbər verir ki, Serbiya hazırda gündəlik qaz ehtiyacının 80 faizini Rusiyadan "Balkan Axını" kəməri vasitəsilə ödəyir.

Serbiya 2023-cü ilin sonunda Azərbaycanın SOCAR şirkəti ilə qaz təchizatı kontraktı imzalayaraq ilk dəfə təchizat mənbələrini diversifikasiya edib. Ötən il Azərbaycan qazı bu ölkənin ümumi idxalının 8 faizini təşkil edib.

Azərbaycanın Serbiyaya səfəri zamanı tərəflər hərbi-texniki əməkdaşlığı da müzakirə ediblər. Fevralın 11-də Bakıda 2026-cı il İkitərəfli Hərbi Əməkdaşlıq Planının imzalandığı vurğulanıb.

Vuçiç deyib ki, mayın əvvəlində Bakı ilə Belqrad arasında birbaşa uçuş xətti açılacaq.