Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan otellərində gecələyənlər azalıb, gəlirlər yox

Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6.6 faiz azalaraq 3 milyon 239.3 minə düşüb.

Bu barədə oktyabrın 28-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Gecələmələrin ümumi sayının 55.9 faizi Bakının, 5.2 faizi Qusarın, 5.1 faizi Naftalanın payına düşür.

Hesabat dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin otellərdə gecələmə sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.7 faiz azalaraq 1 milyon 845.6 min olub ki, bu da ümumi göstəricinin 57 faizini təşkil edib. Qonaqların gecələmə sayına görə ilk pillələrdə Türkiyə (12.1 faiz), Rusiya (11.3 faiz) və İsrail (9.2 faiz) vətəndaşları qərarlaşıb. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin gecələdiyi yerlərin 81.4 faizi paytaxt Bakıda qeydə alınıb.

2026-cı ilin yanvar-sentyabr aylarında otel və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 0.6 faiz artaraq 497.3 milyon manata çatıb.

Xatırlatma

Müstəqil ekspertlər qonaqların sayı azalsa da, gəlirlərin aşağı düşməməsini əsasən qiymət artımı və inflyasiya amili ilə izah edirlər. Onların bildirdiyinə görə, Azərbaycanda bir çox qonşu dövlətlərlə müqayisədə otel qiymətləri olduqca yüksəkdir.

Üstəlik, mütəxəssislər bu sahədə ciddi rəqabət mühitinin formalaşmadığını düşünürlər. Hərçənd cavabdeh qurumlar bu cür tənqidləri qəbul etmirlər.

Ekspertlər habelə əlavə edirlər ki, son bir ildə Körfəz ölkələrindən gələn turistlərin sayının azalması da ümumi nəticəyə təsir göstərən əsas amillərdəndir.