Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan, İran və Rusiya memorandum imzalayıb

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

Azərbaycan tərəfi hesab edir ki, memorandumun imzalanması üçtərəfli əməkdaşlığın uzunmüddətli inkişafında və "Şimal–Cənub" marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.

Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verməlidir.

Noyabrın 26-da Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası da keçirilib.

2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən sazişi ratifikasiya edib.

Rusiya Azərbaycan və İran Azərbaycan münasibətləri

Liderlərinin ötən ay Düşənbədə görüşünə qədər son dönəmlər Azərbaycan və Rusiya arasında müəyyən gərginlik müşahidə edilib. Xüsusilə bu, ötən ilin sonunda Azərbaycana məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya düşməsindən sonra özünü göstərməyə başlayıb. Azərbaycan rəsmiləri vurğulayırdı ki, təyyarə Rusiya ərazisində vurulub və 30-dan çox insan həlak olub. Rəsmi Bakının mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirmirdi. Nəhayət, oktyabrın 9-da ölkə rəhbərlərinin görüşündə Rusiya prezidenti təyyarənin onların ərazisində vurulmasını etiraf edərək müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vəd verib.

Azərbaycanın İranla da 2024-cü ilə qədər münasibətlərində müəyyən gərginlik olub. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşı həlak oldu, ikisi xəsarət aldı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.

Bütün bunlarla belə, son illər Azərbaycanın hər iki ölkə ilə iqtisadi əlaqələrinin gücləndiyi vurğulanıb.