Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan güləşçiləri ermənilərə qalib gəldi, dava düşdü

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

55 kq-da mübarizə aparan idmanşı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.

Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli 4 illik fasilədən sonra finala vəsiqə qazanıb.

63 kq-da çıxış edən Taleh Məmmədov yarımfinalda Hraçya Poqosyanı məğlub edərək adını finala yazdırıb. O, ilk hissədən sonra hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək, yekunda qələbə qazanıb - 3:1.

Bundan sonra Taleh Məmmədovla Hraçya Poqosyan arasında insident baş verib.

Məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Məmmədovu sifətinə zərbə endirərək onu itələyib. Azərbaycan güləşçisi rəqibinin üzərinə yerisə də, görüşü idarə edən hakim insidentin böyüməsinə imkan verməyib. Qələbəni çılğın şəkildə qeyd edən Məmmədov isə Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən Elis Manolova (65 kq) isə finalda Tatyana Rıjko ilə qüvvəsini sınayacaq.

Yarış aprelin 3-də başa çatacaq.