Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü keçirilib

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilib.

İlham Əliyev görüşdən sonra Azərbaycan televiziya kanallarına müsahibə verib.

Azərbaycan Prezidenti yavaş-yavaş sülhə yaxınlaşıldığına ümid etdiyini bildirib: "Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq".

Bu dördtərəfli görüşün Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edildiyini qeyd edən dövlətimizin başçısı deyib: “Bu görüş zamanı da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Biz razılaşdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi”.