Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan 8 hərbçini qaytardı - Ermənistan yenə öhdəliyindən qaçır?

Ermənistan tərəfi bildirib ki, Yerevan itkin düşənlərin taleyinin aydınlaşdırılması üçün öz üzərinə heç bir birtərəfli öhdəlik götürməyib.

Azadlıq Radiosunun erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan fevralın 7-də bildirib: “Birinci, həm də İkinci Qarabağ müharibələrində erməni tərəfinin itkinləri olub. Biz itkinlərin taleyinin aydınlaşdırılmasına önəm veririk. Bu mənada erməni tərəfi öz üzərinə hansısa birtərəfli öhdəliklər götürməyib”.

Bundan əvvəl fevralın 7-də Yerevana 8 erməni əsiri qaytaran Bakı bildirmişdi ki, bu addımın qarşılığı olaraq Birinci Qarabağ müharibəsində həlak olmuş və ehtimalən kütləvi məzarlıqlarda basdırılmış azərbaycanlı hərbi qulluqçular və mülki şəxslər barədə məlumat alacağını gözləyir.

Fevralın 7-də Azərbaycan səkkiz hərbçini Ermənistana təhvil verilib.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, Azərbaycan həmin hərbçiləri humanizm prinsipini rəhbər tutaraq qaytarıb.

Komissiyanın vurğulamasına görə, qaytarılan şəxslərin bir qismi 2021-ci ilin noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır: "…Bu addımın əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi, mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı verməlidir".

Qurum fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşü xatırladıb: "Görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırmış, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürmüşdür. Qeyd olunan məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib".

Həmin görüşdə İ.Əliyev Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3 min 890 Azərbaycan vətəndaşının itkin düşdüyünü söyləmişdi

İki il öncə 9 noyabr razılaşmasından sonra hərbi əsirlər mövzusu Azərbaycan və Ermənistan tərəfi arasında mübahisələrə səbəb olmuşdu. Azərbaycan həmin razılaşmadan sonra saxladığı Ermənistan hərbi qulluqçularını hərbi əsir saymır və onları mühakimə edirdi. Ermənistan isə onları da hərbi əsir sayaraq geri qaytarılmasını tələb edirdi. Azərbaycan sonradan həmin hərbçilərin bir çoxunu minalanmış ərazilərin xəritəsi əvəzində geri təhvil verildiyini açıqladı. Hərçənd, sonradan ölkə rəsmiləri bu xəritələrin böyük ölçüdə həqiqəti əks etdirmədiyini vurğuladılar.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. (Azadlıq Radiosu)