Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avtomobilin baqajında gizlənərək qaçmaq istəyən erməni bloqer saxlanılıb

Rusiyada “Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə” şübhəli bilinən erməni bloqer Arsen Markaryan saxlanılıb.

RBC xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, saxlanılan Arsen Markaryan avtomobilin yük yerində polisdən gizlənməyə çalışıb. 

Məlumatda bildirilir ki, əməliyyatçılar Markaryanın getdiyi avtomobili müəyyən edib və təsviri bütün kənar polis xidmətlərinə ötürüblər. Nəticədə avtomobil Mojaysk şossesində Kubinka şəhəri yaxınlığında saxlanılıb.

“Yol polisi müfəttişləri avtomobilin yük yerində gizlənən şübhəlinin olduğu avtomobili saxlayıblar”, - idarənin məlumatında deyilir.

Onun barəsində Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Kütləvi informasiya vasitələrindən və ya informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə nasizmin reabilitasiyası və Vətən müdafiəçilərinin xatirəsini təhqir etmə) ilə cinayət işi açılıb. Həmin maddəyə əsasən onu beş ilə qədər həbs cəzası gözləyir.

"İstintaqın məlumatına görə, 2025-ci il fevralın 25-dən gec olmayaraq, videohostinq saytlarından birinin populyarlığından xəbərdar olan Markaryan qeyri-məhdud sayda insan üçün vətən müdafiəçilərinin xatirəsinin təhqir olunması barədə məlumatların yer aldığı videoçəkiliş yerləşdirib", - İstintaq Komitəsində qeyd olunub.

Bundan əlavə, Arsen Markaryan bir qrup şəxsi milli mənsubiyyətinə görə alçaltmaqda ittiham olunub. Bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsindən məlumat verilib.

"Rusiya İstintaq Komitəsinin Moskva üzrə Qərb İnzibati Dairəsi İstintaq İdarəsinin Nikulinski Rayonlararası İstintaq İdarəsi paytaxt sakininə qarşı cinayət işi üzrə araşdırma aparır. O, Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin 1-ci hissəsinin "b" bəndində (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur", - deyə idarədən bildirilib.

Moskva İstintaq Komitəsinin müstəntiqləri müttəhimi saxlayıb və ona ittiham irəli sürüblər. Dindirilmə zamanı o, təqsirini tam etiraf edib və əməlindən peşman olub.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2025-ci il avqustun 18-nə qədər olan müddətədək Moskva vilayətində olarkən milli mənsubiyyətinə görə seçilən bir qrup insanın - rusların ləyaqətini alçaltmağa yönəlmiş bir neçə videoçarx çəkib və bundan sonra həmin görüntüləri mesencerlərdən birində yayımlayıb.