Avropada "dron divarı" realdırmı? NATO-da müzakirə olacaq
15 Oktyabr 2025
Oktyabrın 15-də NATO-nun müdafiə nazirləri Brüsseldə bir araya gələcəklər. Onlar xərcləmə hədəflərini, Ukraynaya yardımın davam etdirilməsini və havadan müdafiəni müzakirə edəcəklər.
İyunda Haaqa sammitində 32 ölkədən ibarət alyans 2035-ci iləcən ÜDM-nin 5 faizini müdafiəyə xərcləmək öhdəliyi götürüblər. İndi isə bu hədəfə necə çatmağı götür-qoy edəcəklər.
Avropa ölkələri Ukraynaya hərbi yardımı da müdafiə xərclərinə sala bilərlər və sabahkı görüşdə bu ölkəyə yardımdan da danışacaqlar. Ukraynanın müdafiə naziri Denis Şmıqal da görüşdə olacaq. Müdafiə nazirlərinin toplantısından sonra Ramşteyn Qrupunun - Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupunun iclası olmalıdır.
Ən təcili məsələ havadan müdafiədir
AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak yazır ki, avropalılar müdafiə xərclərinin artırılmasının ABŞ ilə münasibətləri üçün yaxşı olduğunu anlayırlar, amma məyusluq da var. Bir diplomat adının çəkilməməsi şərtiylə deyib ki, Ukraynaya ABŞ silahının NATO vasitəsilə verilməsi optimal seçim deyil, çünki bu halda "iki dəfə ödəniş etməli oluruq: birinci ABŞ müdafiə sənayesi, sonra isə özümüz üçün".
Hazırda ən təcili məsələ isə Avropanın havadan və raketlərə qarşı müdafiəsinin inteqrasiyasıdır. NATO-nun baş katibi Mark Rutte gələn illərdə alyansın havadan müdafiəyə xərclərini 400 faizədək qaldırmalı olduğunu deyib. Son vaxtlar Rusiya NATO hava məkanına dron müdaxilələrini artırıb.
Rusiyanın təhdidinə qarşı Amerikanın "Patriot", Almaniyanın "IRIS-T", İtaliya-Fransanın "SAMP-T" sistemləri var. Bu üç sistem eyni vaxtda istifadə oluna bilər.
Xeyli sayda Avropa ölkəsi "Patriot" əldə etmək istəyir deyə, növbə siyahısı yaranıb və illərlə çəkə bilər. "Patriot" uzaqmənzilli ballistik raketlərdən müdafiəyə fokuslanıb, "IRIS-T" isə yaxın- və ortamənzilli raketlərə, dronlara qarşı effektlidir. Üstəlik, azından indilik "IRIS-T" daha ucuzdur və potensial alıcılar onu daha tez əldə edə bilərlər.
Üç konsept işlənir
R.Yozvyak hazırda Avropanın hava məkanının qorunması üçün üç konseptin işləndiyini yazır: NATO-nun "Şərq gözətçisi" təşəbbüsü, Aİ-nin "dron divarı" və ona əlavə olaraq "Şərq cinah patrulu".
"Şərq gözətçisi" Rusiya dronları sentyabrda Polşanın hava məkanında girəndə dərhal işə salınıb. Bir sıra Avropa ölkələri, əsasən, qırıcılarla bu nəzarət işinə qoşulublar.
"Şərq cinah patrulu" təşəbbüsünü Avropa Komissiyası ortaya atıb, məqsəd şərqi quru, hava və dəniz sərhədlərini dörd elementlə gücləndirməkdir: düşmən qüvvələrinin hərəkətini çətinləşdirmək üçün fortifikasiyalar formasında quru müdafiəsi; Avropa hava məkanına daxil olan dronları aşkarlayaq izləyən və qarşısını alan "dron divarı"; Baltik və Qara dənizlərdə təhlükəsizlik və səmadan gələn təhlükələri izləyən sistem. Aİ-nin yaxın illərdə müdafiə büdcəsi 130 milyard avrodan (151 milyard dollar) artıq ola bilər və razılaşdırılası çox məsələlər var.
Avropa liderləri antidron sistemlərinin vacibliyi məsələsinə razılaşırlar. Amma belə bir narahatlıq da var ki, dron texnologiyası və taktikası elə sürətlə irəli gedir ki, "dron divarı" iki-üç ilə işə salınanda artıq gərəksiz, köhnəlmiş ola bilər.
Sentyabrın 22-də Kopenhagen aeroportunda nəqliyyatın işini pozan dörd böyük dron NATO-nun içərisindən buraxılmışdı. Ona görə də Avropa liderləri belə bir "divar"ın nə dərəcədə faydalı olacağını da sual edirlər.