Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa Trampın sülh planının dörd bəndi ilə razı deyil, öz təkliflərini Vaşinqtona göndərib

Avropanın aparıcı dövlətlərinin liderləri hesab edirlər ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planının (ABŞ Prezidenti Donald Trampın 28 maddəlik sülh planı - Qeyd) ən azı dörd bəndi dəyişikliklər tələb edir.

Bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, ilk növbədə, onlar Rusiyanın Krım, Donbas və digər Ukrayna əraziləri üzərində suverenliyinin tanınması təkliflərindən narazıdırlar.

Bundan əlavə, onlar Ukrayna ordusunun mümkün ixtisarını, təhlükəsizlik təminatlarını və dondurulmuş Rusiya aktivlərindən istifadəni problemli hesab edir və ABŞ-la müzakirə etmək niyyətindədirlər.

"Bild" qeyd edib ki, Almaniya kansleri Fridrix Merts xüsusilə ABŞ-ın aktivlərlə bağlı fikirlərindən qıcıqlanır.

Avrop liderləri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı öz təkliflərini Vaşinqtona göndəriblər.

Nəşr qeyd edib ki, təşəbbüsdə əsas Avropa dövlətləri, həmçinin Yaponiya və Kanada iştirak edir və onlar ABŞ-nin mövcud sülh planına qarşı çıxırlar.

"Biz Ukraynaya davamlı dəstəyimizi təsdiqləyirik. Yaxın günlərdə Ukrayna və ABŞ ilə fəaliyyətimizi sıx şəkildə əlaqələndirməyi planlaşdırırıq", – Aİ ölkələrinin liderlərinin bəyanatında vurğulanıb.

Qeyd edək ki, Aİ ölkələri sazişin Ukrayna üçün qəbuledilməz olan bir sıra müddəalarından narazılıq ifadə ediblər. Bunlara Rusiya işğalından azad etdiyi ərazilərdən, eləcə də hələ Kiyevin nəzarətində olan bölgələrdən imtina tələbi daxildir. Bundan başqa, münaqişə zamanı törədilmiş bütün hərbi cinayətlərin amnistiyası nəzərdə tutulur.

Qeyd edək ki, Aİ, ABŞ və Ukrayna nümayəndələrinin sülh planı ilə bağlı görüşü Cenevrədə keçiriləcək.