ATƏT PA Azərbaycandakı seçkilərə 60 müşahidəçi göndərəcək
29 Avqust 2024
ATƏT PA-nın 60-a yaxın müşahidəçisi sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana gələcək. Bu missiya 1995-ci ildən etibarən PA-nın ölkədə seçkiləri müşahidə edən on birinci missiyası olacaq, bu barədə təşkilatın saytında dərc edilmiş məlumatda deyilir.
ATƏT Parlament Assambleyasında İrlandiya nümayəndə heyətinin sədri Maykl Krid Xüsusi Koordinator və ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının rəhbəri funksiyalarını yerinə yetirəcək, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitənin sədri Lyusi Potuçkova (Çexiya) isə ATƏT PA müşahidəçilərinin nümayəndə heyətinə başçılıq edəcək.
Müşahidəçilər üçün seçki administrasiyasının, vətəndaş cəmiyyətinin, namizədlərin, partiya nümayəndələrinin və ekspertlərin iştirakı ilə seçkilər ərəfəsində vəziyyətə dair hərtərəfli brifinq təşkil ediləcək, daha sonra müşahidəçilər seçkiləri müşahidə etmək üçün Azərbaycanın bir sıra bölgələrinə səfər edəcəklər.
"Bu növbədənkənar parlament seçkiləri, xüsusən, cəmi altı ay əvvəl keçirilmiş növbədənkənar prezident seçkilərini və BMT-nin Azərbaycanda keçiriləcək böyük beynəlxalq tədbirini nəzərə alaraq, şübhəsiz, böyük əhəmiyyət kəsb edir", deyə Xüsusi Koordinator M.Krid bildirib. "Bizim müşahidəçilər komandamız qərəzsiz və hərtərəfli qiymət verməyə çalışır, bizim yeganə məqsədimiz demokratik standartlara və dəyərlərə riayət olunmasını dəstəkləmək, həmçinin Azərbaycan xalqı üçün ədalətli və şəffaf seçki prosesini təmin etməkdir".
"Qarşıda duran növbədənkənar parlament seçkilərində ATƏT PA-nın beynəlxalq müşahidəçilərindən ibarət nümayəndə heyətinə başçılıq etmək mənim üçün böyük şərəfdir. Parlamentarilərin iştirakı beynəlxalq parlamentari həmkarlarımın qarşıda duran mühüm seçki prosesinin qiymətləndirilməsi üzrə səylərində fəal iştirakına dəlalət edir", deyə ATƏT PA-nın nümayəndə heyətinin sədri L.Potuçkova bildirib. "Biz demokratik prinsiplərə uyğunluq, azad səsvermə prosedurlarına riayət olunması, kampaniya aparılması üçün ədalətli şərtlərin təmin edilməsi, KİV-ə çıxış və nəticələrin lazımi şəkildə əks olunması nöqteyi-nəzərdən seçki prosesinin qiymətləndirilməsi çərçivəsində ATƏT DTİHB ilə sıx əməkdaşlıq edirik".
Seçkilər ATƏT-in 1990-cı il Kopenhagen sənədində yer alan demokratik öhdəliklərə uyğunluğu nöqteyi-nəzərdən qiymətləndiriləcək.
İlkin nəticələr və seçkilərin yekunlarına dair rəylər sentyabrın 2-də Bakıda keçiriləcək mətbuat konfransında təqdim ediləcək.
Bir müddət əvvəl ATƏT DTİHB-nin monitorinq missiyasının rəhbəri Ditmir Buşati bildirib ki, seçkiləri bu qurumun 28 uzunmüddətli və 280 qısamüddətli müşahidəçisi müşahidə edəcək.