Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aşura mərasimlərində kütləvilik azalır

Bu gün Azərbaycanın məscidlərində Aşura günü münasibətilə matəm tədbirləri keçirilir.

Bununla əlaqədar polis yüksək təhlükəsizlik tədbirləri görüb. Məscidlərdə gücləndirilmiş polis dəstələri yerləşdirilib, onların yanında mülki geyimli şəxslər də var.

Son illərdə Aşura ilə əlaqədar matəm mərasimlərində iştirak edənlərin sayında azalma müşahidə olunur.

Əgər əvvəllər böyük məscidlərdə və onların ətrafında minlərlə adam toplaşırdısa, indi bir neçə yüz nəfər var.

Bu gün Bakı məscidlərində dini şüarlar səsləndirən gənclər qrupu görünməyib, halbuki, əvvəllər bu, Aşuranın ayrılmaz atributu idi.

Məscidlərin üstündə 12 imam üçün qaldırılan qara bayraqların əvəzinə Azərbaycan bayrağı dalğalanır.

Küçələrdə imamların xatirəsinə verilən ehsan yeməkləri masalarının da sayı azalıb. Belə masaları quranlar jurnalistlərdən bunu foto və videoya çəkməməyi xahiş ediblər.

Ümumiyyətlə, mərasim iştirakçıları mətbuatla əlaqə yaratmağa həvəs göstərmirlər, kamera qarşısına çıxmağa isə tək-tük adam razılaşır.

Adətən Aşurada  saat 12:00-a qədər işləməmək adətdir, lakin hər il günortaya qədər daha az mağaza və kafe bağlı qalır.

Müşahidəçilər Aşura ilə əlaqədar tədbirlərdə kütləviliyin azalmasını son illərdə hakimiyyətin fəal dini qruplara qarşı repressiyaları ilə izah edirlər.

Lakin Aşura mərasimlərindəki dindarların şəxsi söhbətlərdə qeyd etdikləri kimi,  "kimin inancı varsa, bütün hallarda məscidlərə gedəcək". (Turan)