Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aprelin 24-nə aparan yol: Fransada növbəti prezident kim olacaq?

Aprelin 10-u Fransada prezident seçkisinin ilk turu keçiriləcək. Novator.az-ın məlumatına görə, yerli “İpsos” şirkətinin yeni sorğusu ilk turda indiki dövlət başçısının önə çıxacağını göstərir. 24-28 martda 1723 respondentin iştirakı ilə aparılmış sorğunun nəticələrinə əsasən, Emmanuel Makron seçkinin ilk turunda 27,5% səs yığa bilər.

Marin Len Pen 18,5% səslə ikinci yerdə qərar tutur.

Sorğuya qatılanların 15,5%-i Jan-Lük Melanşona, 11,5%-i Erik Zemmura, 10%-i Valeri Pekresə dəstək verib.

Qalan namizədlər belə sıralanır:

Yannik Jado – 6%

Fabyen Russel – 3,5%

Ann İdalqo, Jan Vassal, Nikola Düpon-Enyan – hər biri 2%

Filipp Putu – 1%

Natali Arto – 0,5%.

Seçkinin ikinci turu aprelin 24-nə təyin edilib.

1977-ci il təvəllüdlü Emmanuel Makron 2016-cı ildə “İrəli, respublika!” hərəkatını yaradıb, 2017-ci il mayın 7-də prezident seçilib, mayın 14-də səlahiyyətlərinin icrasına başlayıb.

1968-ci il təvəllüdlü Marin Len Pen lideri olduğu Milli Cəbhənin namizədidir. Parlamentin aşağı palatasının üzvüdür.

Fəthedilməz Fransa Partiyasının namizədi, 1951-ci il təvəllüdlü Jan-Lük Melanşon parlamentin aşağı palatasının üzvüdür.

İfrat millətçilərin namizədi olan 1958-ci il təvəllüdlü Erik Zemmur jurnalist və yazıçıdır.

1967-ci il təvəllüdlü Valeri Pekres seçkidə Respublikaçılar Partiyasını təmsil edir. O, İl-de-Frans bölgəsinin başçısıdır.

1967-ci il təvəllüdlü Yannik Jado Yaşıllar Partiyasından namizəddir. O, Avropa Parlamentinin üzvüdür.

Fabyen Russel seçkidə Kommunist Partiyasını təmsil edir. 1969-cu il təvəllüdlü Fabyen Russel parlamentin aşağı palatasının üzvüdür.

Ann İdalqonu Sosialist Partiyası namizəd göstərib. 1959-cu il təvəllüdlü Ann İdalqo paytaxt Parisin meridir.

1955-ci il təvəllüdlü Jan Vassal “Müqavimət Göstərək!” Partiyasının, 1961-ci il təvəllüdlü Nikola Düpon-Enyan “Qalx, Fransa!” Partiyasının, 1967-ci il təvəllüdlü Filipp Putu Yeni Antikapitalist Partiyasının, 1970-ci il təvəllüdlü Natali Arto Fəhlə Mübarizəsi Partiyasının təmsiçisidir.

Emmanuel Makron Fransanın 8-ci prezidentidir. Ondan əvvəl dövlət başçısı postunu Şarl de Qoll, Jorj Pompidu, Valeri Jiskar d’Esten, Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi və Fransua Oland tutublar. (Novator)