Antarktida üzərindəki təhlükə: Ozon dəliyi böyüməkdə davam edir - Foto
06 Noyabr 2026
2026-cı ildə Antarktida üzərindəki ozon dəliyi son 10 ilin ən böyük ölçüsünə çatıb.
Monitorinqin nəticələri noyabrın 4-də ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsindən (NOAA) və NASA-nın birgə bəyanatında dərc olunub.
Məlumata görə, 2026-cı ildə Antarktida üzərindəki ozon dəliyi 48 illik müşahidələr tarixində orta mövsümi sahəsinə görə yeddinci yerdə qərarlaşıb. Sentyabrın 7-dən oktyabrın 13-dək qoruyucu təbəqənin maksimum azalma dövründə onun sahəsi orta hesabla 25 milyon kvadrat kilometr təşkil edib, sentyabrın 18-də isə bu göstərici 27.1 milyon kvadrat kilometrə çatıb.
Qeyri-adi ölçülərə baxmayaraq, NASA və NOAA alimləri ozon təbəqəsinin uzunmüddətli bərpa prosesinin davam etdiyini bildirirlər.
Tədqiqatçıların fikrincə, ozonun bu cür əhəmiyyətli dərəcədə mövsümi azalması Antarktida üzərindəki qeyri-adi dərəcədə güclü qütb burulğanı - Cənub qütbü üzərində soyuq havanı saxlayan stratosfer küləklərinin sirkulyasiyası ilə əlaqədardır.
Cari mövsümdə ozon dəliyinin maksimum sahəsi 9 sentyabr 2000-ci ildə qeydə alınmış tarixi maksimumun təxminən 90%-nə çatıb.

Ozon təbəqəsinin tükənməsi prosesi atmosferdə xlor və brom birləşmələrinin, əsasən də əvvəllər soyuducu avadanlıqlarda, kondisionerlərdə və izolyasiya materiallarının istehsalında geniş istifadə olunan maddələrin mövcudluğu ilə bağlıdır. Aşağı temperaturlarda bu birləşmələr ozon molekullarının dağılmasına gətirib çıxaran reaksiyalarda iştirak edirlər.
Aeroloji zondlar və yerüstü cihazlar vasitəsilə aparılan ölçmələr göstərib ki, 2026-cı ildə Cənub qütbü üzərində minimum ozon konsentrasiyası 105 Dobson vahidi təşkil edib. Bu göstərici oktyabrın 17-də qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, Cənub qütbü stansiyası üzərində müşahidələrin tarixi minimumu 2006-cı ilin oktyabrında 92 Dobson vahidi olub.
Alimlər vurğulayırlar ki, ozondağıdıcı maddələrin istifadəsinə dair beynəlxalq məhdudiyyətlər olmasaydı, vəziyyət xeyli pis ola bilərdi. NASA-nın hesablamalarına görə, bu cür birləşmələrin konsentrasiyası 2000-ci ilin zirvə səviyyəsində qalsaydı, cari mövsümdə ozon dəliyinin sahəsi təxminən 3.5 milyon kvadrat kilometr daha böyük olardı.
Ozondağıdıcı maddələrin emissiyalarının azaldılması 1987-ci ildə qəbul edilmiş Monreal protokolu (16 sentyabr 1987-ci ildə qəbul edilib) ilə təmin edilir. NOAA-nın məlumatına görə, tənzimlənən birləşmələrdən Antarktida stratosferinə daxil olan xlorun miqdarı ötən onilliklərin maksimum səviyyələri ilə müqayisədə təqribən 30 faiz dəfə azalıb.
Bununla belə, əvvəllər istehsal olunan bir çox kimyəvi maddələr onilliklər boyu atmosferdə qalır, buna görə də ozon təbəqəsinin bərpası ləng gedir. Tədqiqatçıların hazırkı qiymətləndirmələrinə əsasən, Antarktida üzərindəki ozon dəliyi 2070-ci illərə qədər tam bərpa oluna bilər.
