Ani Badalyan: "Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərə cavab hazırlayır"
25 İyul 2024
Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan sülh müqaviləsi üzrə təkliflərdən ibarət cavab paketi hazırlayır.
“Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir, Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”, - deyə Badalyan bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi hələlik bu barədə məlumat verməyib.
Yada salaq ki, 2022-ci ilin martında Bakı aşağıdakı beş prinsip əsasında sülhün bağlanmasını təklif edib:
- bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərinin toxunulmazlığının və siyasi müstəqilliyinin qarşılıqlı tanınması;
- dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəliyin qarşılıqlı təsdiqi;
- dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiq etməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək;
- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.
Bundan sonra tərəflər bu prinsipləri özündə əks etdirən sülh müqavilələri layihələrinin mübadiləsinə başladılar.
Bu günlərdə İlham Əliyev bildirdi ki, saziş layihəsi 80-90 faiz razılaşdırılıb.
O, eyni zamanda, o, razılaşmanın vacib bəndlərini və onlar həll edilmədən razılaşmanın mümkünsüz olacağını qeyd edib: bu, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarının olduğu hissədə dəyişikliklərə ehtiyac və Ermənistanın Bakının şərtləri ilə Zəngəzur dəhlizinin açılmasına razılıq verməsidir.
Bundan başqa, Bakı ermənilərin Qarabağa qayıtması məsələsini azərbaycanlıların Ermənistandakı yaşayış yerlərinə qayıtmaq hüququ ilə əlaqələndirir.