Altıncı uğursuz cəhd: Tramp və Putin yenə telefonla danışıblar
04 İyul 2025
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında təxminən bir saat davam edən telefon danışığı olub.
Kremlin məlumatına görə, Tramp yenidən Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini qaldırıb. Buna cavab olaraq Putin Rusiyanın danışıqlar prosesinə hazır olduğunu bəyan edib, lakin Moskvanın "xüsusi hərbi əməliyyat"ın hədəflərindən geri çəkilməyəcəyini vurğulayıb.
Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarının üçüncü raundunun konkret tarixləri müzakirə olunmayıb, Trampla Putinin şəxsi görüşünün mümkünlüyü barədə də danışılmayıb. Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, "şəxsi görüş ideyası havada asılıdır. Lazım gələrsə, razılıq əldə olunacaq".
Danışıqlar zamanı İran, Suriya və bütövlükdə Yaxın Şərq ətrafındakı vəziyyət də müzakirə olunub. Uşakovun dediyinə görə, "söhbət səmimi, işgüzar və konkret olub”.
Bildirilir ki, Putin Trampa uğurlar arzulayıb və onu Birləşmiş Ştatlarda iyulun 4-də qeyd olunan Müstəqillik Günü münasibətilə təbrik edib. Putin "Rusiya Amerika dövlətçiliyinin inkişafında mühüm rol oynayıb" fikrini ifadə edib.
Putin "hər iki ölkənin ənənəvi dəyərlərini təbliğ edən" filmlər mübadiləsini təklif edib. Uşakovun sözlərinə görə, Tramp bu ideyanı bəyənib.
Bu, artıq Trampla Putin arasında altıncı telefon danışığıdır.