Logo
news content
User
Kateqoriyalar

Xəbər

Almaniyanın hədəfi: Avropanın əsas hərbi gücü olmaq


Almaniya müdafiə naziri Christine Lambercht Almaniyanın Avropanın lider hərbi gücü olmaq hədəfini açıqlayıb.





Almaniya Xarici Əlaqələr Şurasındakı çıxışında Lambrecht Almaniyanın hazırlanmaqda olan ilk Milli Təhlükəsizlik Strategiyasının əsas xəttlərindən danışarkən diqqətəlayiq mesajlar verib.





Nasist dövrünün yaratdığı şübhələrin aradan qaldırılmasının lazım olduğunu müdafiə edən Lambrecht, Almaniyanın bu gün güclü bir demokratik ölkə olduğunu və Alman Silahlı Qüvvələri Bundeswehrin də təhlükəsizliyi təmin edən baş rol kimi görülməli olduğunu bildirib.





Rusiyanın Ukraynaya hücumunu önəmli bir dönüş nöqtəsi (Zeitwende) olaraq dəyərləndirən Lambercht Almaniyanın təhlükəsizlik məsələlərini yenidən dəyərləndirməli olduğunu, alman ordusunun ölkəni və müttəfiqləri müdafiə edə biləcək şəkildə gücləndiriləcəyini, bu müddət ərzində eyni zamanda siyasi mədəniyyətdə, orduya və hərbi məsələlərə münasibətdə dəyişikliyin vacib olduğunu vurğulayıb.




Lambrechtin Almaniyanın təhlükəsizlik siyasəti üçün yeni yol xəritəsi ilə bağlı çıxışında verdiyi mühüm mesajlar bunlardır:





Alman ordusu üçün "mərkəzi hakimiyyət" missiyası








Almaniya müdafiə naziri








Sosial Demokrat Partiyasından olan Lambrecht bildirib ki, Almaniya təcili istiqamət dəyişməlidir və gələcək nəsillərin azad mühitdə, sülh və təhlükəsizlik şəraitində yaşaya bilməsi üçün Almaniya ordusu bu prosesdə daha güclü və fəal olmalıdır.





Lambrecht bu ifadələri işlədib: "Hər şeydən vacib bizim, Almaniyanın dəyişməyidir... Bunu açıq deməyimə icazə verin: Bu dəyişikliyə nail ola bilməsək, gələcəkdə təhlükəsiz yaşamağımız mümkün olmayacaq."





Alman Silahlı Qüvvələrinin əhəmiyyətinin və nüfuzunun artacağını qeyd edən Lambrecht, Bundeswehrin ölkənin varlığını qoruyan "mərkəzi təhlükəsizlik orqanı" olaraq qəbul edilməsinin vacibliyini vurğulayıb.




Nasist keçmişinin səbəb olduğu şübhələri aradan qaldırmaq cəhdi




Almaniyanın müdafiə naziri çıxışında ölkənin nasist keçmişinə görə ordu və hərbi məsələlərə hələ də şübhə ilə baxıldığını bildirib və bunun dəyişdirilməsinin vacib olduğunu müdafiə edib.





"Təəccüblü deyil ki, biz almanlar, nasional-sosializm dövründə törətdiyimiz cinayətlərdən, alman ordularının Avropadakı dağıdıcı döyüşlərindən sonra orduya şübhə ilə yanaşmağı adət halına gətirmişik" deyən Lambrecht bunların üzərindən təxminən 80 il keçdiyini, aradan keçən müddət ərzində Almaniyanın və Bundeswehrin böyük bir dəyişiklik yaşadığına işarə edib".





Lambrecht çıxışına belə davam edib: "Bundeswehr bu gün o dövr ilə heç bir ortaq tərəfi olmayan ordudur. Almaniya sülh yönümlü məqsədləri olan, güclü bir şəkildə demokratiyaya bağlı bir ölkədir. Silahlı qüvvələri cəmiyyətin bir parçasıdır. Onlar liberal demokratik konstitusiya quruluşuna and içirlər. Bu da çox vacibdir və hər dəfə vurğulanmalıdır: silahlı qüvvələrimizdə qeyd-şərtsiz itaət deyil, vicdanlı sədaqət qüvvədədir".





Müdafiə naziri 73 illik demokratiya və 67 illik demokratik silahlı qüvvələrlə Almaniyanın artıq başqa bir ölkə olduğunu və özünə inamını yenidən bərpa etdiyini, güclü orduya və çəkindirici gücə sahib olmağın hər zamankından daha vacib olduğunu bildirib.






Siyasi mədəniyyətdə dəyişiklik hədəfi









Almaniya tankı








Lambrecht çıxışında Rusiyanın Ukraynaya hücumunun böyük bir geosiyasi dönüş nöqtəsi (Zeitenwende) təşkil etdiyini vurğulayaraq, hadisələrdən mühüm dərslər çıxarmaq lazım olduğunu ifadə edib.





Alman nazir "Bizim təhlükə anında həm özümüzü, həm ittifaqımızı müdafiə edə bilməyimiz üçün güclü, döyüşməyə hazır silahlı qüvvələrə ehtiyacımız var. Bu, 2022-ci ildə artıq sadəcə bir versiya deyil, bir reallıqdır" sözlərini işlədib.




Lambrecht yeni təhdidlərə qarşı alman ordusunun gücləndirilməsi üçün bir çox yeni silahın alınacağını, yeni birliklərin yaradılacağını bildirib, yeni dövrün müxtəlif çətinliklər gətirəcəyinə işarə edib.





"Əsl Zeitenwende beyinlərdə gerçəkləşəcək və biz hamımız bilirik ki, ən böyük problem beyinləri dəyişdirməkdir" deyən Lambrecht siyasi mədəniyyətə dəyişiklik gətirməyin nə qədər ağrılı proses olduğundan xəbərdar olduqlarını vurğulayıb.





Almaniya üçün "lider hərbi güc" olma hədəfi




Nazir Lambrecht çıxışında Almaniyanın Avropanın lider hərbi gücü olmaq hədəfini də açıqlayıb.





Bundesverin təkcə Almaniyanın təhlükəsizliyinin təminatında rol oynamadığını, həm də NATO müttəfiqlərinin təhlükəsizliyinə töhfə verdiyini izah edən Lambrecht, Almaniyanın Soyuq Müharibə dövründə qurulan təhlükəsizlik arxitekturasından ən çox faydalanan ölkə olduğunu xatırlatdıb, "və biz artıq hərbi cəhətdən ən çox fayda verən ölkə olmalıyıq" deyib.





"Almaniyanın böyüklüyü, coğrafi mövqeyi, iqtisadi gücü, qısaca, nüfuzu bizə bir liderlik missiyası yükləyir. İstəsək də, istəməsək də... Hərbi cəhətdən də bu, keçərlidir" deyən Lambrecht alman demokratiyasının sabit, qurumlarının güclü olduğunu, siyasi mədəniyyətinin də militarist deyil, sülh yönümlü olduğunu vurğulayıb.





Müdafiə naziri "Almaniyanın bu rolu oynamaqdan qorxması üçün də bir səbəb yoxdur, Almaniya bunu bacara bilər" ifadəsini işlədib.









Almaniya tankları təlim zamanı








NATO əsas onurğa sütununu təşkil etməyə davam edəcək




NATO Almaniyanın ilk dəfə hazırladığı hərtərəfli milli təhlükəsizlik strategiyasının əsasını təşkil etməyə davam edəcək.





Nazir Lambrecht NATO-nun Almaniyanın təhlükəsizliyinin təməl daşı olmağa davam edəcəyini və avropalıların daha böyük rol alaraq ittifaqı gücləndirməyi hədəflədiklərini söyləyib.




Aİ-nin nüfuzu qalxacaq, ABŞ-nin yükü yüngülləşdiriləcək




Almaniyalı nazir Aİ-nin müdafiə səriştəsinin gücləndirilməsi məqsədini də vurğulayaraq, bu sahədə tarixi addımların atıldığını, avropalıların müdafiəyə sərmayə qoymasının ABŞ-ın yükünü yüngülləşdirəcəyini bildirib.





ABŞ-ın son zamanlar diqqətini Hind-Sakit Okean bölgəsinə yönəltdiyinə işarə edən Lambrecht, vəziyyəti belə qiymətləndirib:





"ABŞ gələcəkdə Avropanın təhlükəsizliyini böyük ehtimalla eyni dərəcədə təmin edə bilməyəcək. Bunun hansı mənaya gəldiyi çox açıqdır. Biz avropalılar, ən başda da biz almanlar daha çox addım atıb elə bir hərbi qüvvə toplamalıyıq ki, başqa qüvvələr bizə hücum etməyi ağıllarına belə gətirməsinlər".





ABŞ-da baş verən hadisələr narahatlıq doğurur




Milli təhlükəsizlik strategiyası ilə bağlı çıxışında Lambrecht ABŞ-ni Almaniyanın ən mühüm müttəfiqi kimi xarakterizə edib və Tramp dövründəki qarışıqlığı xatırladıb.





ABŞ-nin daxili siyasətində yaşanan hadisələri yaxından izlədiklərini vurğulayan Lambrecht bunları deyib:





"ABŞ-də yaşanan siyasi və ictimai qütbləşmələri izləyirik. ABŞ-nin daxili siyasəti bizim təhlükəsizliyimiz üçün böyük önəm daşıyır. Donald Trampın prezidentlik dövrü bizim ABŞ-ın təhlükəsizlik zəmanətlərindən asılılığımızı bir daha ortaya qoydu və bu asılılıqla bağlı suallar doğurdu... Avropanın qoruyucu gücü olan ABŞ-nin yerini doldurmağın mümkün olmadığını dərk edirik. Amma biz eyni zamanda avropalılar olaraq, gücümüzü və səriştələrimizi zənginləşdirmək məcburiyyətində olduğumuzu da bilirik".




Nüvə təhdidi üçün üçün tədbirlər gücləndiriləcək




Almaniyanın yeni təhlükəsizlik strategiyasının digər sütununu da nüvə silahının qarşısının alınması tədbirləri təşkil edir.





Almaniyanın müdafiə naziri Lambrecht nüvə silahının qarşısının alınması ilə bağlı görülən tədbirlərdə ABŞ-nin liderliyinə yaxın gələcəkdə alternativ olmadığını söyləyərək, "Biz avropalılar üçün bu siyasət mütləq davam etdirilməlidir" deyib.





NATO çərçivəsində bu məsələ ilə bağlı ABŞ-la lazımi işlərin görülməsinin vacib olduğunu vurğulayan nazir, hökumətin F-35 döyüş təyyarələri almaq qərarını nümunə kimi göstərərək, Almaniyanın da lazımi töhfəni verməyə hazır olduğunu bildirib.









Almaniya istehsalı pilotsuz uçuş aparatı








Müdafiə xərcləri artacaq




Almaniyanın yeni təhlükəsizlik strategiyası çərçivəsində müdafiə sahəsində rekord xərclərə hazırlaşdığı bir vaxtda yüksək inflyasiya, enerji qiymətlərindəki böyük artış ciddi reaksiya və etirazlara səbəb olur.





Müdafiə naziri Lambrecht, qarşı-qarşıya qaldıqları çətinliklərin fərqində olduqlarını və Almaniya hökuməti tərəfindən prioritetlərin necə seçiləcəyi ilə bağlı lazımi qiymətləndirmələrin aparıldığını söyləyib.





"Bunu açıq şəkildə demək istəyirəm. Hərbi təhlükəsizlik əyləncəli, bahalı oyuncaqlarla oynanılan bir oyun deyil" deyən Lambrecht, hərbi təhlükəsizliyin dövlətin əsas vəzifələrindən biri olduğunu, bundan imtina edilməyəcəyini və lazımi investisiyaların vacibliyi fikrini müdafiə edib.