Ali məktəblərdən xaric edilən tələbələrin sayı artıb
26 İyun 2024
2023-cü ildə Azərbaycanda 8 min 631 nəfər təhsil haqqını ödəmədiyinə, dərs buraxdığına görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.
Bu da 2022-ci il ilə müqayisədə 9.8 faiz artım deməkdir.
Bəzi mütəxəssislər xaric olunmaların əsas səbəbi kimi tələbələrin təhsil haqqını ödəyə bilməmələrini göstərirlər. Azərbaycanda təhsil haqqı universitetə, ixtisasa görə fərqlidir və illik olaraq 1 min 500-6 min 500 manat aralığında dəyişir.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 2023/2024 tədris ilində 51 min 941 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. 24 min 594 nəfər dövlət sifarişi əsasında, 27 min 347 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib: "Dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 1 min 550 nəfər çoxdur".
Tələbələrin təhsil haqqını ödəməsinə yardım məqsədilə ölkədə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Son statistikaya görə, 2024-cü ilin yaz semestri ərzində 5 min 571 tələbə kredit almaq üçün Fonda müraciət edib. 4 min 252 nəfərə tələbə təhsil krediti verilib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Turana bildirib ki, Azərbaycanın bütün universitetlərində təhsil haqqının yüksək olduğunu söyləmək düzgün deyil: "Sadəcə bəzi universitetlərdə təhsil haqqı yüksəkdir və 5 min-7 min arası dəyişir. O mənada bəzi universitetlərdə təhsil haqqının yüksək olduğunu deyə bilərik və bu məsələyə baxılmalıdır".
Deputatın sözlərinə görə, son illər Azərbaycan dövləti getdikcə ödənişsiz təhsilə daha çox önəm verir və bu, düzgün yanaşmadır: "Əgər əvvəlki illərdə 30-40 faiz tələbə dövlət hesabına, digərləri isə ödənişli əsaslarla təhsil alırdısa, artıq faiz nisbəti dəyişib. Məsələn, bu il yaradılmış Qarabağ Universitetində 1 min 500 tələbənin təhsil alması planlaşdırılır, onların hamısı dövlət hesabına təhsil alacaqlar. Eyni zamanda, bu gün İlahiyyat Universitetində təhsil ödənişsizdir".
C.Məmmədov hesab edir ki, tələbələrin təhsil müəssisələrindən xaric olunmasının əsas səbəbi təhsil haqqını ödəməməsi deyil: "Bəli, təhsil haqqını ödəyə bilməyən tələbələr də var və bunun həlli üçün fond da var. Fond belə tələbələr üçün yaxşı şərtlərlə, maksimum 3 faizlik kreditlər verir. Sadəcə tələbələrin bir hissəsi Fondun fəaliyyətindən məlumatsızdır. Tələbələri məlumatlandırmaq üçün daha çox iş görməliyik".
Onun fikrincə, burada ən önəmli məsələ gənclərin bəzi hallarda düzgün ixtisas seçimi etməməsidir: "Onlar özlərini daha çox peşə təhsilində realizə edə bilərlər. Böyük problemdir ki, gənclərin çoxu sevmədiyi bir ixtisasda təhsil alır. Eyni zamanda, çox ciddi məsələ təhsil keyfiyyətinin artırılmasıdır".
Təhsil eksperti Nabatəli Qulamoğlunun isə AzadlıqRadiosuna deməsinə görə, tələbə təhsil haqqını ödəyə bilmədiyindən ali məktəbdən xaric olunursa və bu rəqəm artırsa, bu, vətəndaşların ildən-ilə maddi durumunun ağırlaşması deməkdir: "Baxmayaraq ki, büdcədə profisit yaranıb, o artıq yaranmış məbləğ xalqa istifadə olunmur".
Ekspertin sözlərinə görə, problem ondadır ki, ali məktəblərdən tələbələr bilik səviyyəsinin aşağı olduğuna görə yox, təhsil haqqını ödəmədiyinə görə xaric edilir: "Təhsil daha çox kommersiya sahəsinə çevrilib. Təhsilin kommersiya sahəsinə çevrilməsinin təhsilə heç bir xeyri yoxdur, o, yalnız dövlətə və ayrı-ayrı şəxslərə xeyir gətirmək məqsədini güdür. Təhsil haqqından universitet, dövlət yararlanır, amma bunun təhsilimiz üçün heç bir əhəmiyyəti yoxdur".
Təhsil kreditinə gəlincə, N.Qulamoğlu hesab edir ki, təhsil haqqını ödəyə bilməyən tələbənin sonra bu krediti ödəyə biləcəyinə heç bir zəmanət yoxdur. O, təhsil haqqının aşağı salınmasının tərəfdarı olmadığını deyib: "Təhsil haqqının məbləğinə ekvivalent bilik verilməlidir. Problem orasındadır ki, bizdə təhsil haqqı çoxdur, amma bilik heç yoxdur. Bu disbalansı aradan qaldırmaq lazımdır".