Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ ilə Tərəfdaşlıq Prioritetlərinin mətni ilkin olaraq yekunlaşdırılıb

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Bakıda Aİ–Azərbaycan arasında tərəfdaşlığın 30 illiyi ilə eyni vaxtda "səmərəli danışıqlar"ın keçirildiyini bildirir. Təmsilçilik iyunun 3-də sosial şəbəkə hesabında yaydığı məlumatda qeyd edir ki, danışıq aparan tərəflər “Tərəfdaşlıq Prioritetləri” sənədinin mətnini ilkin olaraq yekunlaşdırıblar və yeni Aİ–Azərbaycan ikitərəfli sazişi üzrə danışıqları rəsmi şəkildə bərpa ediblər: “Biz siyasi dialoqun gücləndirilməsi, bağlantı və iqtisadi əməkdaşlıq üzərinə fokuslanaraq əməkdaşlığımızı davam etdiririk”.

Azərbaycan Xarici işlər Nazirliyi (XİN) də bildirib ki, iyunun 2-i və 3-də Bakıda Aİ nümayəndə heyəti ilə yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparıblar.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Aİ tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib: “Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri Avropa İttifaqından olan həmkarları ilə birlikdə saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar müzakirələr aparıb, bir sıra istiqamətlərdə irəliləyişlər əldə edilib və danışıqların növbəti mərhələləri ilə bağlı planlar müəyyən edilib”.

Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyası və daha bir çox nazirliklərin nümayəndələri də daxil olub.