Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aİ-92 markalı benzinin və dizelin qiyməti bahalaşdı

Azərbaycanda əhalinin daha çox istifadə etdiyi Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Bu barədə Tarif (qiymət) Şurasının Katibliyi məlumat yayıb.

Məlumatda deyilir ki, dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb.

“Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq”, məlumatda qeyd edilir.

Tarif Şurasının iyunun 30-da keçirilən iclasında həmçinin. bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflər artırılıb.

Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə qiymətlər Bakı şəhərində əhali qrupu üzrə 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil), qeyri-əhali qrupu üzrə 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil) olub. Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat müəyyən edilib.

Digər regionlar üzrə əhali qrupu üzrə qiymətlər 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil), qeyri-əhali qrupu üzrə 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil) olub.

Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat müəyyən edilib.

Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat təşkil edir.

Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Qərarlar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır.