Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağdamdakı Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri dəyişdi

Sentyabrın 9-da Azərbaycan Müdafiə naziri Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-leytenant Abdullah Katırcını qəbul edib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb.

Müdafiə naziri general A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

Bu mərkəz 2021-ci il yanvarın 30-da yaradılıb. Onun yaradılma məqsədinin Qarabağda atəşkəsin təmin edilməsi ilə bağlı monitorinq aparmaq olduğu açıqlanıb.

İki il əvvəl, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq bölgədən tez-tez onun pozulmasına dair məlumatlar gəlir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırlar.

Xatırlatma


2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Ağdam rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.