Ağcabədidə evdə əl qumbarası partlayıb, 5 nəfər ölüb - TƏFƏRRÜAT
31 Yanvar 2025
Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlər Bəhruz Quliyev, Şamil Quliyev, Natiq Quliyev, Məhəmməd Məmmədli və Murad Məmmədlidir. Ölən və yaralananlar bir ailənin üzvləridir. Partlayış zamanı ölənlərdən 3-ü azyaşlıdır.
Hadisə zamanı Ülviyyə Məmmədli və Aysun Quliyeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
Artıq qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.
Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.