Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağ Ev: Putin “Şimal axını- 1” dayandırmaqla enerjini silaha çevirir

Çərşənbə günü Ağ Ev Moskvanın “Şimal axını- 1” qaz kəmərini bağlamaq qərarını “enerjidən silah kimi istifadə etmək üçün növbəti cəhd” adlandırıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

Rusiyanın qaz nəhəngi “Qazprom” boru kəmərilə Avropaya enerji təchizatını sentyabrın 3-dək dayandırıb və bunu “planlı texniki xidmət” adlandırıb.

“Biz Avropada qaz ehtiyatlarının artırılması və ya digər enerji mənbələrinin dəstəklənməsi yollarını araşdırmaq niyyətindəyik, çünki Putin enerjidən silah kimi istifadə etməyə çalışır”, - Ağ Evin Milli Təhlükəsizlik Şurasından Con Kirbi jurnalistlərə bildirib.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin sözlərinə görə, “məhz buna görə də prezident Bayden və G7 liderləri öz komanda üzvlərinə qlobal qiymət həddinin müəyyən edilməsi mexanizminin araşdırılması barədə  göstəriş veriblər". Onun sözlərinə görə, bu məsələ cümə günü G7 maliyyə nazirlərinin görüşündə də müzakirə olunacaq.

Artıq ABŞ Rusiya neftinin qadağan edilməsi üzrə qətiyyətli addımlar atıb,  ABŞ-ın müttəfiqləri isə Rusiya neftinin idxalının azaldılması planlarını açıqlayıblar.

“Biz hesab edirik ki, Putinin gəlirlərinə zərbə vurmağın ən effektiv yolu təkcə Putinin neft gəlirlərinin azalması yox, həm də dünya enerji daşıyıcılarının qiymətinin aşağı salınmasıdır", - Jan-Pyer deyib.