Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağ Ev: "İran davamlı təhlükəyə çevrilir, daha sərt sanksiyalar tətbiq edə bilərik"

“İran region üçün davamlı təhlükə yaradır”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İranla bağlı bütün variantlarını nəzərdən keçirəcək: “Vaşinqton çoxdan müşahidə edir ki, İran nüvə silahı yaratmaq üçün zənginləşdirilmiş uranın istehsalına sərf olunan vaxtı qısaltmağa çalışır. Bu baxımdan, Baydenin rəhbərlik etdiyi ABŞ-ın hazırkı administrasiyası əvvəldən İranla nüvə sazişini bərpa etməyə çalışırdı”- deyə, o bildirib.

Onun sözlərinə görə, İran region üçün davamlı təhlükə yaradır: “Yalnız nüvə sənayesindəki irəliləyişinə görə deyil, həm də ballistik raket imkanlarını necə təkmilləşdirməyə davam etdiyinə görə. Deməli, bu, İranın regiona yaratdığı davamlı təhlükənin tərkib hissəsidir. Və beləliklə, biz Amerika Birləşmiş Ştatlarının Prezidenti üçün bütün imkanlara malik olduğumuzu təmin etmək niyyətindəyik və edirik. Şübhəsiz ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyimizlə bağlı mövqeyimizi dəyişməmişik”.

Con Kirbi İrana qarşı sanksiyalardan da danışıb: “Pilotsuz döyüş təyyarələrinin Rusiyaya təhvil verilməsi və İran hərbçilərinin Ukraynaya hücumlarda birbaşa iştirakı ilə əlaqədar Vaşinqton Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edə bilər”.

“Biz İranın Rusiyanın ukraynalıları öldürmək cəhdlərini birbaşa necə dəstəklədiyini gördük. Onlar (İranlılar - red.) ruslara günahsız ukraynalıları öldürməkdə və mülki infrastruktura hücum etməkdə kömək ediblər. Bu məqsədlə ABŞ regionda, onun hüdudlarından kənarda müttəfiqləri və tərəfdaşları ilə Tehran rejimini məsuliyyətə cəlb edilməsi üçün işlərini davam etdirəcək”, - Kirbi bildirib.