ADSEA Qarabağda
24 Dekabr 2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şuşa şəhərinin su təchizatında görülən işlərin icmalını media ilə bölüşüb.
ADSEA-dan Pressklub.az-a verilən məlumata görə, Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 25 noyabr 2020-ci ildə Şuşa şəhərinə suyun verilməsi bərpa edilib. Eyni zamanda Şuşa şəhərinin digər mənbəyi, Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 km olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edilib.
“Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 mm, uzunluğu 2,9 km olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda diametri 325 mm, uzunluğu 9,3 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 km-lik hissəsi diametri 530-426 mm olan borularla dəyişdirilib” ,- agentlikdən bildirilib.
Məlumata görə, görülmüş işlərin nəticəsi olaraq yeni mənbədən şəhərə suyun verilməsi ilə yaşayış məntəqələri, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.
Şuşa Sukanal Sahəsinin baş mühəndisi Pərviz Məhərrəmov qeyd edib ki, Şuşa şəhərinə 2 mənbədən su daxil olur: Zarıslıçay və Kiçik Kirs su mənbəyindən: “Bu mənbələrdə aparılan yenidənqurma işləri nəticəsində Zarıslıçay mənbəyinin hövzəsində tikilmiş bənddə nasos stansiyası qurulub”.
O həmçinin diqqətə çatdırıb ki, Şuşa şəhərinin daimi su ilə təminatında nəzərdə tutulan sutəmizləyici qurğunun qısa müddətdə istifadəyə verilməsi məqsədilə lazım olan tədbirlər görülüb: “Buradan təmizlənmiş su 2000 kubmetrlik anbara ötürülür. Bütün emal proseslərindən keçdikdən sonra sakinlərə çatdırılır”.
Agentlikdən bildirilib ki, mövcud sutəmizləyici qurğuda 12 ədəd qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib. Görülmüş işlər nəticəsində qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Ümumi həcmi 6000 kubmetr olan 3 ədəd su anbarı layihələndirilib və anbarlardan birinin tikintisi başa çatdırılıb: “Şəhərdə yenidənqurma işləri çərçivəsində salınan yeni yaşayış kompleksinin sakinləri də 24 saat dayanıqlı, keyfiyyətli su ilə təmin edilib. Vətən müharibəsindən sonra “Xan qızı” bulağı da bərpa olunaraq yenidən Şuşa sakinlərinin, qonaqların istifadəsinə verilib”.
Agentlikdən verilən məlumata görə, 2040-cı il perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən şəhərin orta günlük su tələbatı 105 l/san təşkil edir. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək. Şəhərin Baş Planına uyğun hazırlanmış layihəyə əsasən Şuşa şəhərində 24 km magistral su kəməri, 44 km içməli, 42 km tullantı və 41 km yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqar çayına axıdılacaq.
Qeyd edək ki, Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.





