Logo
news content
User
Kateqoriyalar

Xəbər

Adadakı Çin

ABŞ-ın üçüncü yüksək vəzifəli şəxsi – Konqresin alt qanadı olan Nümayəndələr Palatasının sədri Nensi Pelosi avqustun 2-dən Tayvan səfərindədir. Bu, Tayvan adasını öz əyaləti sayan Çinin kəskin etirazına gətirib, ABŞ-la münasibətlər tarıma çəkilib.

Tayvan Çinin nəzarətindən 1949-cu ildə çıxandan faktiki müstəqil dövlətdir, beynəlxalq aləmdə qismən tanınır.

Tarixi arayışa görə, Çin Tayvan adasını ilk dəfə 1895-ci ildə Yaponiya ilə müharibəni uduzaraq itirir.

1945-ci ildə İkinci Dünya müharibəsi bitəndə Yaponiya Tayvanı Çinə qaytarmaq zorunda qalır.

1946-cı ildə Çin Respublikasında vətəndaş müharibəsi başlayır, 1949-cu ildə hakim partiya müxalif kommunistlərə uduzur, Çin Xalq Respublikası qurulur, Tayvana sığınan sabiq hakimiyyət başçısı Çan Kayşi adanı Çin Respublikası elan edir.

1975-ci ildə Çan Kayşi dünyasını dəyişir, 1988-ci ilədək ada onun oğlu Szyan Szinqonun idarəçiliyində olur.

1988-ci ildən Tayvanda demokratik sistem güclənir, hakimiyyətlər azad seçkilərlə vaxtaşırı dəyişir.

ABŞ və başqa Qərb ölkələri Tayvanı Çinin əyaləti saysa da, fəal dəstəkləyir, adanın zorla tutulmasına qarşı çıxır. Ada əhli də Tayvanın avtoritar kommunist rejiminin idarəçiliyi altında olan Çin Xalq Respublikasına birləşməsini qəbul etmir.

Tayvanın ərazisi 36,2 min kvadrat kilometrə yaxın, əhalisi 23,1 milyon nəfərdən çoxdur. (Novator)