Logo
news content
User
Kateqoriyalar

Xəbər

"AbzasMedia" işi üzrə hökm qüvvədə saxlandı

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalist, o cümlədən AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb.

Qərara əsasən, jurnalistlərin verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. "AbzasMedia"nın təsisçisi və icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), "Turan" informasiya agentliyinin redaktoru Hafiz Babalı və AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin 9 il, jurnalistlər Nərgiz Absalamova Elnarə Qasımovanın 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalovun isə 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm qüvvəyə minib.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədov bu qərarı elan edəndə təqsirləndirilən jurnalistlərdən S.Vaqifqızı, N.Absalamova və E.Qasımova əllərində plakatlar qaldırmaqla buna etiraz ediblər. Konvoylar və nəzarətçilər jurnalistlərin əllərindən plakatları almağa çalışıb və bu zaman məhkəmə zalında qarışıqlıq yaşanıb. Həmçinin icra məmurları məhkəmə prosesini izləməyə gələnləri də zaldan çıxarıblar. Bu üzdən məhkəmənin qərarını eşitmək mümkün olmayıb. Sonradan aydınlaşıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırlatma

"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə Hafiz Babalının hər biri 9 il, Nərgiz AbsalamovaElnarə Qasımova 8 il, Məhəmməd Kekalovsa 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlarla təqsirli biliniblər.

Jurnalistlər özlərini təqsirli saymır, Əliyevlər ailəsi də daxil, hakimiyyətdə təmsil olunan yüksəkvəzifəli şəxslərin korrupsiyasını araşdırdıqlarına görə cəzalandırıldıqlarını bildirirlər.