"Abzas Media" işi üzrə həbs edilən jurnalistlərə yeni ağırlaşdırıcı ittihamlar irəli sürülüb
20 Avqust 2024
Avqustun 19-da "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalist Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalıya qarşı 7 maddə ilə yeni ağırlaşdırıcı ittiham iirəli sürülüb.
Juenalistlərin vəkillərinin sözlərinə görə, "Abzas Media işi" üzrə həbs olunan hər 4 şəxsə Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb. Bu ittihamların sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Ülvi Həsənli, Sevinc Vaqifqızı və Elnarə Qasımova ittiham aktını imzalamaqdan imtina ediblər.
Bundan əvvəl isə "Abzas Media işi" üzrə həbs olunan direktor müavini Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova və iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə yeni ittiham irəli sürülüb.
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarəı Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb.
Onların hamısına ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.