ABŞ Ukraynaya yeni hərbi yardım kimi 2,2 milyardlıq paket elan edib
04 İyul 2024
Artilleriya mərmiləri, HIMARS reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə kompleksləri üçün döyüş sursatları ABŞ-nin Ukraynaya yeni hərbi yardım paketinə daxil ediləcək.
Ukrayna KİV-ləri xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu, Baydenin aprel ayında Milli Təhlükəsizlik Qanununa düzəlişi imzaladığı gündən indiyədək Ukraynaya kömək üçün icazə verdiyi yeddinci təhlükəsizlik yardım paketidir.
Paketə həmçinin ABŞ Müdafiə Nazirliyinin Ukraynaya qoşunlarını və şəhərlərini Rusiyanın hava hücumlarından müdafiəsinə kömək etmək üçün “Patriot” və NASAM hava hücumundan müdafiə sistemləri üçün ələkeçirmə qurğuları almaq üçün istifadə edəcəyi yeni maliyyə də daxildir.
Məlumata görə, paket ABŞ Prezidentinin Ukraynanın qısamüddətli ehtiyaclarını ödəmək üçün Birləşmiş Ştatların hərbi anbarlarından silah, sursat və texnikanın çıxarılması səlahiyyəti çərçivəsində təqdim edilib.
Pentaqonun bəyanatında isə deyilir ki, Vaşinqton Administrasiyası Ukraynanın istifadə etdiyi “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına 2,2 milyard dollar ayırıb.
Məlumata görə, ABŞ-nin Müdafiə Nazirliyi Ukraynanın təhlükəsizliyinə yardım təşəbbüsündən (“Ukraine Security Assistance Initiative”, USAI) 2,2 milyard dollar vəsait ayırıb.
"Bu maliyyə Ukrayna üçün “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınması üçün istifadə ediləcək", - Pentaqon bildirib.
Bundan əvvəl Administrasiya Pentaqonun anbarlarından 150 milyon dollarlıq silahların Kiyevə verildiyini elan edib.