ABŞ siyasi məhbus mövzusunu diqqətdə saxlayacaq
02 İyul 2024
Bazar ertəsi ABŞ bildirib ki, Azərbaycanla yüksək səviyyəli danışıqlar zamanı siyasi məhbuslar probleminə "diqqət yetirməyə davam edəcək", Turan-ın Vaşinqton müxbiri məlumat verib.
"Bu, uzun prosesdir və bizdən daim qarşılıqlı əlaqə tələb edir", - gündəlik brifinq zamanı Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bu yaxınlarda Bakı ilə yüksək səviyyəli əlaqələrlə bağlı Turan-ın sualının cavabında deyib.
"Mən həm dövlət katibinin, həm də dövlət katibinin köməkçisi [James] O'Brayenin və başqalarının buna diqqət yetirməyə davam edəcəyini gözləyirəm", - Patel əlavə edib.
Blinken prezident İlham Əliyevlə son telefon danışığında Azərbaycanı insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə və haqsız yerə saxlanılanların hamısını azad etməyə çağırıb. "O, Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb", - Dövlət Departamentinin 20 iyun tarixli məlumatında deyilirdi.
Ötən həftə Azərbaycana səfər edən dövlət katibinin köməkçisi O'Brayen də Konqresə bildirib ki, Əliyevlə insan hüquqlarına əməl edilməsinin vacibliyi barədə danışacaq. "Bu, müzakirələr üçün adi mövzudur...Və mən bu söhbəti onunla müzakirə etməyi səbirsizliklə gözləyirəm", - o deyib.
Son vaxtlar Azərbaycan hökuməti jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları artırmaqda ittiham olunur. Hüquq-müdafiə təşkilatları keçən ilin payızından jurnalistlərin və fəalların barəsində həbs və ya hökm çıxarılması ilə bağlı minimum 25 hadisəni sənədləşdiriblər. Demək olar ki, onların hamısı hələ də həbsdədir.