Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ sınaq üçün Ukrayna dronlarının idxalına dair müqavilə imzalayıb

Ukrayna və ABŞ Ukrayna istehsalı olan dronların hərbi sınaqlar üçün ABŞ-yə ixracına imkan verən ikitərəfli niyyət sazişi imzalayıblar. Bunu AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu sazişin detalları ilə tanış iki mənbəyə istinadla bildirib.

Mənbələrdən biri jurnalistə razılaşmanın əldə olunduğunu təsdiqləyib, digəri isə hər iki tərəfin sənədi imzaladığını diqqətə çatdırıb.

"Artıq həm ABŞ, həm də Ukraynanın imzaladığı ikitərəfli niyyət bəyanatı dronlarla bağlı gələcək əməkdaşlıq üçün əsas yaradır. Bu, ilk belə sazişdir", – Raufoğlu mənbələrə istinadla yazıb.

Belə bir sazişin hazırlandığı barədə mayda "The Financial Times" qəzeti də yazmışdı. Məlumata görə, layihə quru, dəniz və hava əməliyyatları üçün nəzərdə tutulmuş Ukrayna pilotsuz sistemlərinin ABŞ-yə müvəqqəti ixracını ehtiva edir.

Bu pilotsuz sistemlərin ABŞ-də "sınaq və qiymətləndirmə" üçün istifadə olunması, ABŞ ordusunun gələcək tələblərinin formalaşdırılmasına xidmət etməsi planlaşdırılır.

“Reuters” isə mənbəyə istinadla yazır ki, Ukrayna Pentaqonun "Drone Dominance" proqramında iştirak məqsədilə Birləşmiş Ştatlara dron göndərməyə razılaşıb.

Mənbənin sözlərinə görə, Ukraynanın altı şirkətinin hər birinə təxminən 100 dron ixracına icazə verilib.

Bu məlumatı hələlik nə Kiyev, nə də Vaşinqton rəsmən təsdiqləyib.

AzadlıqRadiosunun Vaşinqtondakı müxbiri A.Raufoğlu bu addımın mühüm irəliləyiş sayıldığını yazır. Müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə aylardır danışıqlar aparılır. Belə ki, Pentaqon Rusiyanın dörd ildən çoxdur apardığı işğalçı müharibədə Ukraynanın döyüş meydanındakı innovasiyalara sürətlə çıxış əldə etməsinə çalışır.

Razılaşmanın Ukraynada istehsal olunan quru, hava və dəniz dronlarının hərbi sınaq və qiymətləndirmə məqsədilə ABŞ-yə ixracı üçün rəsmi mexanizm yaratması gözlənilir. Bu isə gələcəkdə Pentaqonun dronlarla bağlı satınalma tələblərinin formalaşdırılmasına təsir göstərə bilər.

Niyyət bəyanatı hələ istehsal müqaviləsi deyil, amma gələcəkdə hətta ABŞ ərazisində Ukrayna istehsalı olan döyüş dronlarının birgə istehsalını da əhatə edə bilər.

AzadlıqRadiosunun əldə etdiyi məlumatlara görə, planlaşdırılan mexanizm ABŞ ordusuna Ukraynanın dron platformalarını döyüş məqsədilə deyil, sınaq və qiymətləndirmə üçün almaq imkanı verəcək.

"İrəliyə nəhəng addım"

Təhlilçilərin fikrincə, bu razılaşma ABŞ-Ukrayna hərbi-sənaye əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

"Bu, Amerikanın müdafiəsi üçün irəliyə doğru nəhəng addımdır", – Kiyev Amerika Universitetinin prezidenti və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının keçmiş xüsusi müşaviri Den Rays AzadlıqRadiosuna bildirib.

"Beş ildir deyirəm ki, ABŞ Ukraynadan öyrənmək üçün mədəni dəyişiklik reallaşdırmalıdır. Bu, ilk addımdır", – o vurğulayıb.

"Razom for Ukraine" qeyri-kommersiya təşkilatından Daniel Balsonun fikrincə, Ukraynanın dron texnologiyası ölkənin ən qiymətli hərbi ixrac məhsullarından birinə çevrilib.

"Ukrayna dronları dünyada ən yaxşılar sırasındadır. Onlar döyüş şəraitində sınaqdan çıxıb, effektivliyini sübut edib və müasir müharibənin ən innovativ beyinlərinin məhsuludur", – Balson AzadlıqRadiosuna söyləyib.

Vaşinqton üçün bu razılaşma sürətlə inkişaf edən və nisbətən ucuz dron texnologiyalarına çıxış imkanı yaradır. Bu, həm də Rusiya, Çin və İrandan qaynaqlanan təhdidlərlə bağlı narahatlıqların artdığı vaxta təsadüf edir. Pentaqon hazırda genişmiqyaslı şəkildə tətbiq oluna bilən pilotsuz sistemlər qazanmağa çalışır.

Ukrayna istehsalçıları üçün uzunmüddətli müttəfiq təchizat zəncirlərinə daxil olmaq baxımından yeni imkanlar açılır.