ABŞ Rusiya ərazisində Amerika silahlından istifadə edilməsi qadağasını götürə bilər
11 Sentyabr 2024
Çərşənbə axşamı prezident Co Bayden bildirib ki, Ukraynanın Rusiyaya qarşı Amerikanın uzaq mənzilli raketlərindən istifadə etməsinə icazə vermək mümkünlüyü üzərində "işləyir". Bu mövzu Qərb ölkələrinin İranın Moskvaya raket tədarük etdiyini bəyan etməsindən sonra aktuallaşıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
"Biz hazırda bunun üzərində işləyirik", deyə Bayden Ağ Evin qarşısında jurnalistlərə bildirib. Vaşinqton artıq uzun müddətdir Ukraynaya Rusiyanın təcavüzündən qorunmaq üçün daha güclü vasitələrin təqdim edilməsi məsələsini müzakirə edir.
Dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin müşayiəti ilə Qərbin Ukraynaya gələcək dəstəyini müzakirə etmək üçün Kiyevə yola düşür. Onlar bu gün axşam Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransı keçirməyə hazırdırlar.
Bir neçə saat əvvəl Bayden administrasiyası Böyük Britaniya, Fransa və Almaniya hökumətləri ilə birlikdə İran Air-ə - İslam Respublikasının əsas ticari aviaşirkətinə və raket tədarükü ilə əlaqəsi olan digər şəxslərə və təşkilatlara qarşı tədbirlər də daxil olmaqla, Tehrana qarşı yeni sanksiyaları açıqlayıb.
Ağ Ev bildirir ki, Tehran və Moskva 2023-cü ilin sonlarında "yüzlərlə" raketin tədarükünə dair müqavilə bağlayıb. Rusiya hərbiçiləri yayda raketlərdən istifadə təlimi keçiblər və Moskva bu ayın əvvəllərində ilk partiyanı əldə edib, deyə çərşənbə axşamı Milli Təhlükəsizlik Şurasından Con Kirbi jurnalistlərə bildirib.
Kirbinin sözlərinə görə, İran Rusiyaya 75 mil mənzilli Fateh raketləri tədarük edib və onlardan bir neçə həftə ərzində Ukraynaya qarşı istifadə olunacaq, bu da "daha çox sayda mülki şəxsin ölümünə gətirib çıxaracaq", deyə Kirbi qeyd edib.