ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılmasını nəzərdən keçirir
23 Yanvar 2026
Vaşinqton "Suriya Demokratik Qüvvələri"nin (SDQ – PKK terror təşkilatının Suriya qolu) məğlubiyyətindən sonra ABŞ qoşunlarını Suriyadan tamamilə çıxarmaq imkanını nəzərdən keçirir.
Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda Suriyada təxminən min nəfər amerikalı hərbçi var və onların əksəriyyəti ölkənin şimal-şərqində SDQ qüvvələri ilə birgə yerləşdirilib.
Üç amerikalı rəsmiyə istinadən qeyd olunub ki, SDQ-nin məğlubiyyətindən sonra Pentaqon ABŞ missiyasının "yaşayış qabiliyyəti" barədə şübhələrə düşüb. Mənbələrin sözlərinə görə, əgər SDQ tamamilə buraxılarsa, Vaşinqton missiyanın davam etdirilməsində heç bir məna görmür.