ABŞ-nin Azərbaycandakı səfiri istefa verib
03 Dekabr 2024
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
O qeyd edib ki, istefa səbəbi səhhəti ilə bağlıdır:
"ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatında dinləmələr zamanı səhhətimlə bağlı dilə gətirdiyim qayğılar, təəssüf ki, davam edib. Bakıya gəldiyim vaxtdan etibarən əla tibbi xidmətdən faydalanmışam. Lakin son testin nəticələri tamamilə öz sağlamlığımın qayğısına qalmaq üçün evə qayıtmağın vaxtı çatdığını göstərir".
Diplomatın vurğulayıb ki, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq:
"2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlılığı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm. Bakıdakı səlahiyyət müddətim ərzində ABŞ Səfirlik komandasının və mənim gördüyümüz işlərlə inanılmaz qürur duyuram. Biz ingilis dili proqramlarına sponsorluq etməklə ABŞ-də təhsil alan azərbaycanlıların sayını xeyli artırmaqla, habelə geniş səpkili ABŞ alimlərinin, idmançılarının və mədəni təmsilçilərinin Azərbaycana səfərlərinə dəstək verməklə xalqlar arasında güclü əlaqələr qurmuşuq".
M.Libbi diqqətə çatdırıb ki, iqtisadi, xüsusilə ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurulub:
"COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər".
Qeyd edək ki, Mark Libbinin ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi 2023-cü il noyabrın 8-də təsdiqlənib.