Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İranın Rusiyaya PUA-lar göndərdiyini bildirir. Bu dronların hansı xüsusiyyətləri var?


Ötən həftə Rusiyaya İran hərbi dronlarının çatdırılması ilə bağlı yayılan məlumat böyük sensasiyaya çevrilmədi - Moskvanın Tehrandan pilotsuz uçan aparatlar (PUA) almaq planları barədə informasiya hələ iyul ayında yayılmışdı, BBC müxbiri Pavel Aksyonovun təhlilində deyilir.





Washington Post qəzeti yazır ki, Rusiyanın artıq aldığı dronların ilk sınaqları zamanı Rusiya hərbçiləri bir sıra nasazlıqlarla üzləşiblər. Lakin onların nədən ibarət olduğu barədə məlumat verilmir.




İranın dron proqramı 1980-ci illərin sonlarından inkişaf etsə də, ölkə sanksiyalar altındadır və ekspertlərin fikrincə, bir çox dronlar əsasən xarici nümunələrin kopiyalarıdır.





Ukrayna müharibəsi vaxtı pilotsuz təyyarə çatışmazlığı ilə üzləşən Rusiya İrana müraciət etmək məcburiyyətində qaldı, çünki başqa ölkələrdən bu cür texnikanı almaq imkanları demək olar ki, yox idi və ölkədaxili istehsal çox aşağı səviyyədə idi, təhlildə deyilir.




İranın pilotsuz təyyarələri









"Mohager-6" dronu





Moskva vilayətində "Ordu-2022" hərbi sərgisində İranın "Mohajer-6" dronu



Xarici texnologiyaya giriş məhdudiyyətlərinə baxmayaraq, İran kifayət qədər tanınmış dron istehsalçısıdır. Bu ölkə çox uzun müddətdir ki, beynəlxalq sanksiyalar altındadır və belə ağır şəraitdə ayaqda qalmaq təcrübəsinə malikdir.





"İran 80-ci illərdən PUA sənayesini inkişaf etdirir və ona böyük əhəmiyyət verir. Ona görə də o, taktiki, strateji, kəşfiyyat və zərbə dronlarının bütün xəttinə malikdir. İran sanksiyalar altında yaşamağı və sanksiyalara rəğmən, hərbi sənayenin inkişafı üçün ehtiyacı olan hər şeyi almağın yolunu tapıb. İranda nəinki PUA istehsalı, uzaq mənzilli ballistik raketlər və nüvə layihəsi kimi daha mürəkkəb sahələr bütün maneələrə baxmayaraq inkişaf edir", - israilli hərbi ekspert David Gendelman BBC-yə bildirib.





İran təkbaşına hərbi təyyarə yarada bilməz, lakin o, sanksiyalar dövründə xarici texnologiyaları yaxşı təhlil etməyi, onları təkrarlamağı öyrənib, ekspert deyir. Beləliklə, iranlılar Amerikanın Northrop F-5 təyyarəsinin konstruksiyasını öyrənərək, hətta öz qırıcılarını buraxmağa müvəffəq olublar.





İran sənayesi hərbi aviasiya üçün ehtiyat hissələrinin istehsalı sahəsində hələ şah dövründən miras qalmış zəngin təcrübəyə malikdir. Bundan əlavə, güman olunur ki, İran sanksiyalardan yan keçərək, müxtəlif ehtiyat hissələri və komponentləri xaricdən alır.










"Şahed-171" dronu





"Şahed-171" dronu, "Şahed-191" bu modelin daha kiçik versiyasıdır



Rusiya hansı dronları alacaq?




Bard Kollecinin Hərbi Dron Araşdırma Mərkəzinin məlumatına görə, 2019-cu ilə kimi İranın 1-ci, 2-ci və 3-cü sinfə aid 179 dronu olub.





Birinci sinfə taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə uçuş hündürlüyündən asılı olaraq "uzun uçuş müddətli" kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV).





Rusiyaya verilən "Mohajer-6" bu təsnifata görə ikinci sinfə aiddir. Globalsecurity.Org-a əsasən, iranlılar hələ 1990-cı illərin sonlarında onlardan Əfqanıstanda istifadə ediblər.





Ümumi adına baxmayaraq, "Şahed-129" və "Şahed-191" çox fərqli PUA-lardır. Bəlkə də ona görə ki, onların Qərb prototipləri də fərqli olub.





Hesab olunur ki, "Şahed-129" İran mühəndislərinin əlinə keçən İsrailin Hermes 450 dronu əsasında yaradılıb. "Şahed-191" isə Amerikanın Q-170 Sentinel dronuna əsaslanır.










"Orion" pilotsuz təyyarəsi





Rusiyanın istehsal etdiyi "Orion" pilotsuz təyyarəsi "Ordu-2017" sərgisində




Amerikanın "Birlikdə nüvə İranına qarşı" (United Against Nuclear Iran - UANI) qeyri-hökumət təşkilatı "İranın pilotsuz uçuş aparatları proqramının təhlükəsi" adlı hesabatında İraq və Suriyada Mohajer və Şahed-129 pilotsuz təyyarələrindən istifadə etdiyi bildirilir. Suriyada bu dronların yerüstü hədəflərə hücum etdiyi qeyd olunur.



Rusiya İranın PUA-ları ilə maraqlanırsa, bu, "onların [dronların] dünya səviyyəsində olduğuna görə" deyil, Rusiyanın özündə istehsalın həm kəmiyyət, həm də keyfiyyət baxımından son dərəcə aşağı olduğuna görədir, David Gendelman deyir.





Rusiyada Kronştadt şirkəti MALE sinfinə aid Orion dronlarını istehsal edir. 2021-ci ilin dekabrında bu dronların hətta Suriyadakı hədəflərə hücum etdiyi bildirilir. Bu PUA-lar Moskva yaxınlığındakı Dubnadakı fabrikdə istehsal olunur.





İranda PUA-ların istehsalı üzrə proqram 1988-ci ildə başlayıb, BBC təhlilində deyilir.