Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İran münaqişəsində 'pislərin içində ən yaxşı' variantı seçir

ABŞ və İranın üç aydır gedən müharibəni dayandırmaq üçün razılaşmaya yaxın olduğu görünür. Amma yekun sazişin hələ yaxın olmadığı, əsas detallarla bağlı problemlərin qaldığı bildirilir. Bildirildiyinə görə, mümkün razılaşma çərçivəsində qlobal neft tədarükü üçün əsas marşrut olan Hörmüz boğazı yenidən açılacaq, İranın nüvə proqramı ilə bağlı danışıqlar isə sonraya qalacaq.

Yaxın Şərq İnstitutunun baş elmi işçisi, Trampın ilk administrasiyası dövründə Pentaqon rəsmisi olmuş Ceyson Kempbell AzadlıqRadiosuna müsahibəsində deyir ki, müzakirə olunan razılaşma "hazırda administrasiya üçün pislərin içində ən yaxşı variantdır".

Onun fikrincə, əsas həll olunmamış məsələlər birbaşa hərbi nəticələrlə bağlı deyil. Bunlar daha çox strateji məsələlərdir: "Danışıqlardakı müxtəlif tərəflərdən sızan və qeyri-rəsmi məlumatlardan görünən odur ki, bu sənəd getdikcə daha çox hərbi əməliyyatların müvəqqəti dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu formasını alır. ABŞ Hərbi Dəniz Qüvvələrinin son həftələrdə tətbiq etdiyi blokadanı yumşaldacağı, İranın isə ən azı 30-60 günlük Hörmüz boğazından sərbəst keçidi yenidən təmin edəcəyi bildirilir.

Ancaq bu məlumatlar doğrudursa, İran həm də dondurulmuş aktivlərdən 25 milyard dollardan çox vəsaitə çıxış əldə edəcək. O, açıq bazarda neft satmaq imkanının bir hissəsini, hətta, bəlkə də, hamısını qoruyub saxlayacaq. Bununla yanaşı, ABŞ üçün əsas strateji məsələ — İranın yüksək zənginləşdirilmiş uran ehtiyatı və nüvə proqramının gələcəyi sonrakı danışıqlara saxlanılacaq".

"Trampın bunu uğur kimi təqdim etməsi çətin olacaq"

C.Kempbell deyir ki, hazırda əsas məqsədin fevralın sonlarında başlamış "Epik Qəzəb" əməliyyatından əvvəlki status-kvoya qayıtmaq olduğu görünür. Amma onun sözlərinə görə, bu dəfə İran Hörmüz boğazı üzərində daha böyük təsir imkanına malik olacaq və əvvəllər əlçatmaz olan milyardlarla dollara çıxış əldə edəcək: "Bunlar qeyri-rəsmi məlumatlardır. Memorandum cəmi 30-60 günlük müddəti əhatə edir. Əgər bu müddətdə Obamanın 10 il əvvəlki nüvə sazişindən (JCPOA) daha üstün bir razılaşma əldə olunmasa, prezident Trampın bu nəticəni uğur kimi təqdim etməsi çətin olacaq".

Vaşinqton İranın nüvə gücünün zəiflədiyinə necə əmin ola bilər? 'AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlunun bu sualına cavabında Kempbell bildirib ki, Tehran təxminən 400 kiloqram yüksək zənginləşdirilmiş uranı təhvil verməyə razılaşa bilər. Bu, onun ehtiyatının böyük hissəsidir. Əks halda, İranın əlində 60 faizədək zənginləşdirilmiş kifayət qədər uran qalacaq və Tehran nüvə potensialını qoruyub saxlayacaq.

"Rejimi dəyişə bilmədilər"

Danışıqların iflas edəcəyi və döyüşlərin yenidən başlayacağı variantına gəlincə, təhlilçi ABŞ-nin əlindəki hərbi seçimlərin kifayət qədər məhdud olduğunu deyir: "Dörd-altı həftə davam edən bombardman və hava zərbələri gördük. Bunlar rejimi dəyişə, onun hərbi imkanlarını Vaşinqtonun xeyrinə strateji dönüş yaradacaq qədər zəiflədə bilmədi. Hazırda regiondakı qüvvələrlə ABŞ bu tip zərbələri məhdud müddətə bərpa edə bilər. Amma genişmiqyaslı səfərbərlik olmadan böyük eskalasiyadan danışmaq mümkün deyil".

Kempbellin sözlərinə görə, münaqişə göstərdi ki, sadə asimmetrik vasitələr ABŞ və tərəfdaşlarının böyük vəsait yatırdığı mürəkkəb hava və raketdən müdafiə sistemlərini üstələmək gücündədir. Bu amil Vaşinqtonu gələcək böhranlara hazırlıq planlarını yenidən nəzərdən keçirməyə və daha ucuz, lakin effektivliyi sübut olunmuş silahlara investisiya qoymağa sövq edəcək.