Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-ın dron zərbəsi ilə öldürdüyü Ayman al-Zavahiri kimdir?


ABŞ-ın endirdiyi dron zərbəsi nəticəsində Əl-Qaidə lideri Ayman al-Zəvahiri Əfqanıstanda öldürülüb, Prezident Co Bayden bildirib.





Qruplaşmanın lideri Mərkəzi Kəşfiyyat Agentliyinin bazar günü Əfqanıstanın paytaxtı Kabildə apardığı anti-terror əməliyyatı nəticəsində öldürülüb.





O və Üsamə Bin Laden 11 Sentyabr hücumunu birlikdə planlaşdırıblar və al-Zəvahiri ABŞ-ın “ən çox axtarılan terrorçularından” biri idi.


ABŞ Prezidenti Bayden bildirib ki, Zəvahiri “Amerika vətəndaşlarına qarşı cinayət və zorakılıq izi qoyub”.




“11 il əvvəl ABŞ Bin Ladenlə bağlı ədaləti bərpa etdikdən [onu öldürdükdən] sonra Zəvahiri Əl-Qaidənin lideri olub”,  - Bayden deyib.





“O gizlənərək Əl-Qaidənin bütün qolları ilə əlaqələri dünyada koordinasiya edib. Zəvahiri ABŞ-a məxsus hədəflərə hücumların təşkil edilməsi daxil olmaqla, prioritetlərin və əməliyyat şərtlərinin müəyyənləşdirilməsinə də özü nəzarət edib”, - ABŞ Prezidenti bildirib.








Joe Biden Co Bayden Taliban








Co Bayden əlavə edib ki, artıq “ədalət öz yerini tapdı və terrorçu lider daha yoxdur.





O deyib ki, bu tapşırıq “diqqətlə planlaşdırılıb” və digər mülki şəxslərə zərər vermə riski yetərincə azaldılıb: “Bir həftə əvvəl şərtlərin uyğun olduğu bildirildikdən sonra onun işini bitirmək üçün son qərarı verdim və tapşırıq uğurlu oldu”.





Zəvahiri 2011-ci ildə Bin Ladenin öldürülməsindən sonra Əl-Qaidəyə rəhbərlik edib.





Rəsmilərin bildirdiyinə görə, Zəvahiri bir evin eyvanında olan zaman dronla ona sarı 2 raket atılıb. Digər ailə üzvlərinə xəsarət yetirilməsə də, onlar tərk-silah edilib və hücum nəticəsində yalnız Zəvahiri öldürülüb, rəsmilər açıqlayıb.





Co Bayden vurğulayıb ki, 71 yaşlı, əslən Misirdən olan terrorçunun öldürülməsi 2001-ci ildə baş vermiş 11 Sentyabr hücumundan zərər çəkən 3 minə yaxın qurbanın ailəsinə təsəlli olacaq.





Əl-Qaidənin arxasında duran ideoloji beyin




Gordon Corera-nın təhlili





BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri





Ayman al-Zəvahiri Əl-Qaidənin arxasında duran ideoloji beyin idi.





1980-ci illərdə islamçı qruplaşmada iştirak etdiyinə görə həbs edilən misirli həkim azadlığa çıxdıqdan sonra ölkəni tərk edərək, beynəlxalq zorakı cihadçı hərəkatlarda iştirak etməyə başlayıb.





Nəhayət, o, Əfqanıstanda məskunlaşdı və Səudiyyə Ərəbistanından olan varlı Üsamə Bin Ladenə qoşuldu. Birlikdə ABŞ-a müharibə elan edərək 11 sentyabr 2001-ci il hücumlarını təşkil etdilər.





Bin Ladenin ABŞ tərəfindən tapılaraq öldürülməsi on il çəkdi. Bundan sonra Zəvahiri Əl-Qaidə liderliyini öz üzərinə götürdü (2011-ci ildə - red.), lakin o, yalnız arabir mesajlar verən uzaq və marjinal bir fiqur oldu.





ABŞ onun ölümünü qələbə kimi elan edəcək, xüsusən də keçən il Əfqanıstandan xaotik şəkildə çıxarıldıqdan sonra.





Lakin İŞİD kimi yeni qruplar və hərəkatlar getdikcə daha çox nüfuz qazandığından Zəvahiri nisbətən zəif təsir bağışladı.





Şübhəsiz ki, yeni “Əl-Qaidə” lideri ortaya çıxacaq, lakin o, sələfindən də az təsir gücünə malik olacaq.





Talibanın reaksiyası




Taliban sözçüsü ABŞ-ın bu əməliyyatını beynəlxalq prinsiplərin açıq şəkildə pozulması kimi qiymətləndirib - lakin Zəvahirinin adını çəkməyib.





"Bu cür hərəkətlər son 20 ilin uğursuz təcrübələrinin təkrarıdır və Amerika Birləşmiş Ştatlarının, Əfqanıstanın və regionun maraqlarına ziddir", - sözçü əlavə edib.





 ABŞ rəsmiləri sözügedən əməliyyatın hüquqi əsası olduğunu iddia ediblər.





Zəvahirinin öldürülməsi ABŞ qoşunlarının cənab Baydenin əmri ilə Əfqanıstandan çıxarılmasını başa vurmasından və oradakı 20 illik hərbi mövcudluğa son qoyulmasından təxminən bir il sonra baş verib.




Əl-Qaidə lideri Ayman al-Zəvahiri kim idiʔ




Əfqanıstanda ABŞ dron zərbəsi ilə öldürülmüş Ayman al-Zəvahiri Əl-Qaidənin baş ideoloqu kimi tanınırdı.





Misirdə İslami Cihad silahlı qruplaşmasının əsasını qoyanlardan biri olmuş bu göz cərrahı 2011-ci ilin may ayında Üsamə Bin Ladenin ABŞ qüvvələri tərəfindən qətlindən sonra liderə çevrilmişdi.





Bundan əvvəl Zəvahiri Bin Ladenin sağ əli hesab olunurdu və bəzi ekspertlər hesab edirdilər ki, o, ABŞ-da 2001-ci il 11 sentyabr hücumunun “əməliyyat beyni” olub.





Zəvahiri ABŞ hökumətinin 2001-ci ildə elan etdiyi 22 “ən çox axtarılan terrorçu” siyahısında Bin Ladendən sonra ikinci idi. Onun başına 25 milyon dollar pul qoyulmuşdu.





1951-ci ilin 19 iyununda Misirin paytaxtı Qahirədə doğulmuş Zəvahiri orta təbəqədən olan həkim və alimlər ailəsindəndir.





Onun babası Rabia al-Zəvahiri Yaxın Şərqdəki Sünni İslam tədris mərkəzi olan al-Azharın imamı olub.





Zəvahiri hələ məktəbdə olarkən siyasi islamla məşğul olub. O, 15 yaşı olarkən Misirdə qanunsuz Müsəlman Qardaşlığı təşkilatının üzvü olduğu üçün həbs edilib.





Lakin onun siyasi faəllığı onu Qahirə Universitetinin tibb fakultəsində oxumaqdan çəkindirməyib. O, cərrahiyə üzrə magistr dərəcəsinə yiyələnib.





Onun 1995-ci ildə vəfat etmiş atası Məhəmməd həmin təhsil ocağında farmokologiya professoru olub.





Zəvahiri ailəsinin ənənəsini davam etdirərək Qahirədə tibb klinikası açıb.





Lakin o sonradan Misir hökumətinin devrilməsinə çağıran radikal İslamçı qrupa qoşulub.





1973-cü ildə o, yenicə yaranmış Misir İslami Cihad təşkilatına qoşulur. 1981-ci ildə qruplaşmanın yüzlərlə üzvündən biri kimi onu da həbs edirlər. Onlar Prezident Ənvər Sadatın qətlində şübhəli bilinirdilər.





Sadat İsraillə sülh müqaviləsinə imza atdığı üçün islamçı fəalların qəzəbinə tuş gəlmişdi.





Məhkəmə zamanı Zəvahiri müttəhimlərin lideri kimi çıxış edir və deyir: “Biz öz dinimizə inanan müsəlmanlarıq. Biz İslam dövləti və İslam cəmiyyəti qurmaq istəyirik”.





Əvvəllər siyasi aktivliyinə baxmayaraq son illər Zəvahiri zəif və tükənmiş bir fiqura çevrilmişdi və arabir bəzi mesajlar verirdi.