Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ dövlət katibinin müavini Bakıda "Tramp marşrutu"nu müzakirə edib

Bu gün, noyabrın 19-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Hukeri qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti, inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

"Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlanaraq iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd olunub", - məlumatda vurğulanıb

"Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb", - XİN əlavə edib.

Habelə bildirildiyinə görə, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupun fəaliyyət istiqamətləri nəzərdən keçirilib, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.

ABŞ dövlət katibinin müavini Azərbaycana Ermənistan paytaxtı İrəvandan gəlib.