Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da transseksual hərbçi və onun erməni arvadı Rusiyaya casusluq ediblər - FOTO/VİDEO

ABŞ Federal Təhqiqat Bürosu (FTB) amerikalı hərbi həkim, keçmiş mayor Ceymi Li Henri və onun əslən erməni olan həyat yoldaşı, həkim Anna Qabrielyanı Rusiya hakimiyyət orqanlarına məxfi məlumat ötürməkdə ittiham edib.

Onlar ABŞ hərbi xəstəxanasının xəstələri ilə bağlı məxfi məlumatları Rusiyaya ötürməyi planlaşdırıblar.

İddialara görə, ərlə arvad gizli FTB agentinə deyiblər ki, əsas motivləri Rusiyaya qarşı vətənpərvərlik hissləridir.

Təqsirləndirilən şəxslərin vəkilləri, eləcə də Rusiya nümayəndələri hələlik məsələ ilə bağlı şərh verməyiblər.

Mayor Henri 2015-ci ildə adını və cinsini dəyişdirməyə qanuni icazə verildikdən sonra transseksual kimi tanınan ilk ABŞ ordusu zabiti olub. Elə həmin il Henri və Qabrielyan evləniblər.

Merilend ştatının Baltimor məhkəməsinə təqdim edilən və cümə axşamı elan edilən ittihamnamədə Henri və Qabrielyan gizli tibbi məlumatları Rusiya səlahiyyətlilərinə təhvil verməkdə ittiham olunurlar.

Mayor Henri Şimali Karolinadakı Fort-Breqq hərbi bazasında xidmət edib. İttiham aktında iddia edilir ki, o, Fort-Breqq hospitalında, eləcə də adı açıqlanmayan başqa bir tibb müəssisəsində xəstələrin tibbi məlumatlarına daxil olmaq üçün məxfi məlumat əldə etmək hüququndan istifadə etmək niyyətində olub.

Maj. Jamie Lee Henry.

Qabrielyan da öz növbəsində Baltimordakı Cons Hopkins xəstəxanasında işləyib və çox güman ki, bir neçə ay əvvəl Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra o, Rusiyanın Vaşinqtondakı səfirliyinə öz yardımını təklif edib.

Avqustun ortalarında Rusiya səfirliyinin əməkdaşı olduğunu iddia edən bir adam onunla əlaqə saxlayıb. Amma əslində həmin şəxs FTB-nin gizli agenti olub.