Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da Bayramov, Mirzoyan və Blinken arasında üçtərəfli görüş olub

ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Dövlət Departamentinin təşəbbüsü ilə Ağ evin tarixi rəsmi qonaq evi “Blair House”da baş tutan görüşdə E.Blinken Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin “cəsur addımları”nı yüksək qiymətləndirdiyini bildirib:

"Hazırda gördüklərimiz hər iki ölkənin keçmişi geridə qoyması və davamlı sülhə doğru çalışması üçün real addımlar və cəsarətli addımlardır. Həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar bu səylərdə sizə dəstək olmaq üçün əlimizdən gələni etmək əzmindədir”.

E.Blinken qeyd edib ki, danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasında görüşlər zamanı olan müzakirələr və Ermənistan, Azərbaycan və ABŞ rəsmiləri arasında aparılan digər görüşlərə əsaslanacaq.

Bayramov və Mirzoyan danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.

Məlumata görə, hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.

Xatırladaq ki, noyabrın 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında geniş tərkibli görüş baş tutub. Eyni zamanda tərəflər ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşə qatılıblar.