ABŞ: Baş verənlər Putinə xoş deyilsə Ukraynadan çıxsın
13 Avqust 2024
Bazar ertəsi ABŞ Qərbin Ukraynanın Kursk vilayətindəki əməliyyatında iştirak etməsilə bağlı Kremlin ittihamlarını qətiyyətlə rədd edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
"Biz Ukraynadakı tərəfdaşlarımızın Rusiyanın təcavüzündən qorunması üçün lazım olan hər şeyə sahib olmasına diqqət yetiririk", - Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə Turan-ın sualını cavablandırarkən deyib.
Bazar ertəsi Kiyevin rəsmi şəxsləri onların tankları və qoşunları Kursk bölgəsində reydə başladıqdan, təxminən 1000 kvadrat kilometr ərazini ələ keçirərək 180 000-dən çox adamı qaçmağa məcbur etdikdən təxminən bir həftə sonra əməliyyatı ilk dəfə açıq şəkildə təsdiqləyiblər.
Bazar ertəsi Vladimir Putin bildirib ki, "Ukraynanın Qərb sahibləri" Moskva ilə mümkün sülh danışıqlarından öncə öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Ağ Ev Putinin ittihamlarını "fırıldaqçılıq" adlandırıb.
“Ukraynaya hücum edən ruslardır. Ukrayna bu təcavüzdən müdafiə olunur”, - bazar ertəsi Milli Təhlükəsizlik Şurasından Con Kirbi bildirib. Əgər bu, Putinin "xoşuna gəlmirsə, qoy, Ukraynadan çıxsın", - o deyib.
Bazar ertəsi Müstəqil Amerika Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Rusiya qoşunlarının Kursk bölgəsində cəbhə xəttini sabitləşdirməsilə bağlı Moskvanın iddialarına baxmayaraq, Ukrayna qoşunları Rusiya Federasiyasının Kursk bölgəsində daha da irəliləyir.
"Kremlin Putinin yüksək vəzifəli rusiyalı məmurları təhqir etməsinə dair kadrları dərc etmək qərarı ehtimal ki, digər rusiyalı məmurları Ukraynanın Rusiyaya hücumu ilə bağlı şərh verməkdən çəkindirmək üçün xəbərdarlıqdır", - Müstəqil Amerika Müharibə Araşdırmaları İnstitutu qeyd edib.