Logo
news content
User
Kateqoriyalar

Xəbər

200 minlik rüşvət işi ilə bağlı vergi məmurlarının məhkəməsi başlayır

Dövlət Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda ittiham olunan vəzifəli şəxslərinin məhkəməsi başlayır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada söhbət Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Eldəniz Əhmədov, həmin baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və bu idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovdan gedir.

İttihama görə, onların Bakıdakı ticarət mərkəzlərindən birində çalışan çoxsaylı sahibkarlardan vergi yoxlaması aparmamaq, cərimə yazmamaq və digər güzəştlər müqabilində ümumilikdə 200 min manat rüşvət almalarına əsaslı şübhələr yaranıb.

"Eldəniz Əhmədov, Rüstəm Mirzəyev və Kənan Məmmədova qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib", - qurumun bəyanatında deyilir.

Artıq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin maddələrlə təqsirləndirilən şəxsləri 12 ilə qədər həbs cəzası gözləyir.

Hələlik sözügedən şəxslərin yaxınlarından və ya vəkillərindən bu ittihamlara münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Son illər Azərbaycanda gömrük, vergi və digər dövlət qurumlarında çalışan vəzifəli şəxslərin analoji ittihamlarla saxlanılması hallarına tez-tez rast gəlinir. Bununla belə, bəzi media orqanlarında və sosial şəbəkələrdə bu qəbil məhkəmə proseslərində çıxarılan cəzaların ittihamlara adekvat olmadığı, hökmlərin bir müddət sonra yüngülləşdirildiyi barədə fikirlər səslənir.

Üstəlik, bir sıra analitiklər ölkədə korrupsiyaya qarşı real və köklü tədbirlər görmək əvəzinə, sadəcə mübarizə imitasiyası yaradıldığını iddia edirlər. Rəsmi qurumlar isə bu cür dəyərləndirmələri qərəzli hesab edir.