Logo
news content
User
Kateqoriyalar

Xəbər

Laricaninin İranda əsas fiqura çevrilməyi. İndi meydan oxuyur

ABŞ və İsrail bombardmanı nəticəsində İranın yüksəkrütbəli liderlərindən onlarla şəxsin öldürüldüyü bildirilir. Bu arada milli təhlükəsizlik rəhbəri Əli Laricani əsas fiqurlardan biri kimi ortaya çıxıb. Ötən ildən onun rolunun getdikcə daha çox önəm daşıdığı görünür.

İyunda İranın İsraillə və ABŞ ilə 12 günlük müharibəsi Laricani üçün həlledici olub.

Bir il öncə 67 yaşlı Laricanini prezidentliyə namizədliyi son üç ildə ikinci dəfə təsdiqlənməmişdi.

Ali liderə bel bağlamamaq

Amma avqustda, münaqişədən sonra Laricani İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.

"12 günlük müharibədə bir neçə vacib məqam baş verdi. Rəsmilərin mediaya dediyi kimi, bir böyük məsələ İranın müdafiə qabiliyyətinin yanlış hesablanması idi", – Londonda yaşayan iranlı politoloq Babək Dərbəygi o zaman AzadlıqRadiosunun fars xidmətinə deyirdi.

"Amma ən vacib məsələ o oldu ki, müharibə vaxtı ali liderə bel bağlamamağın vacibliyini anladılar", – Dərbəygi bildirib.

Artıq Xamenei öldürülüb. O vaxtdan Laricani İranda ən açıq rəsmi səslərdən birinə çevrilib. Bu səs isə meydan oxuyur, martın 2-də Laricani deyib ki, "İran danışıqlara getməyəcək".

O, ABŞ prezidenti Donald Trampı trollayırmış kimi X-də böyük hərflə ingiliscə yazıb: "Tramp "Öncə Amerika"nı "Öncə İsrail"ə qurban verdi".

İndilik İranı müvəqqəti şura idarə edir, Ekspertlər Məclisi yeni ali lider seçməlidir.

"Hələlik İran daxilində sistemik çöküşün aydın əlamətləri görünmür. Qərarverici strukturlar işləkdir. Təhlükəsizlik qurumları birlikdə işləyir", – Təl-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda İran üzrə baş tədqiqatçı Denni Sitrinoviç martın 2-də yazıb.

SEPAH komandirindən parlament sədrinədək

Laricani 1958-ci ildə İraqın Nəcəf şəhərində iranlı ruhani ailəsində doğulub. Hələ uşaqkən ailə İrana köçüb, gənclik illəri 1979-cu il İslam inqilabı dövrünə düşüb.

1981-1983-cü illərdə İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) komandir, 1994-cü ildən 10 il ərzində dövlət televiziya və radiosunun rəhbəri olub, 2005-2007-ci illərdə nüvə danışıqlarında İranın baş təmsilçisi kimi çalışıb, 2008-2020-ci illərdə parlamentin sədri olub. 2005-2007-ci illərdə də indiki Təhlükəsizlik Şurasının katibi vəzifəsində işləyib.

Laricani yüksək vəzifələrdə beynəlxalq aləmdə tanınıb, 2015-ci ildə ABŞ və digər dünya gücləri ilə nüvə sazişini dəstəkləyib.

Tramp birinci administrasiyası dövründə bu sazişdən çıxıb. Amma Laricani Xameneinin nüvə məsələləri üzrə baş müşaviri kimi prosesi davam etdirib.

Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə yenidən təyin ediləndən sonra onun nüfuzu daha da artıb. Yanvarda etirazlar zorakılıqla yatırılanda Vaşinqton onu sanksiya siyahısına əlavə edib. Etirazlarda minlərlə insanı öldürüldüyü bildirilir.

Laricani ötən ay ABŞ təmsilçiləri ilə dolayı danışıqlara hazırlıq üçün Omana gedib. O, son aylar Moskvaya tez-tez səfər edib, Rusiya ilə təhlükəsizlik əlaqələri üzərində işləyib. Amma bu təmasların heç biri müharibənin qarşısını ala bilməyib.

Laricani isə bu müddətdə praqmatik imicinə uyğun davranıb, nüvə məsələsini "həll edilə bilən" adlandırıb, danışıqlara açıq olduğunu bildirib. İndi isə daha sərt ritorika eşidilməkdədir.