Xameneidən sonra İranda nə gözlənilir – Generalla müsahibə
04 Mart 2026
İstefada olan dördulduzlu general Devid Petraus ABŞ ordusunda təxminən 40 il xidmət edib, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktorudur, ABŞ-nin İraq və Əfqanıstandakı qüvvələrinin komandiri olub. O, AzadlıqRadiosuna müsahibəsində Tramp administrasiyasının İrandakı əməliyyatlar, uğurlar və itkilərlə bağlı açıqlığını qeyd edir.
Generalın fikrincə, varis ortaya çıxmayınca, ali lider Əli Xameneinin, digər yüksəkrütbəli rəsmilərin qətlinin necə nəticələnəcəyi bilinmir. İran rejiminin devrilməsinə gəlincə, general deyir ki, bunun nə dərəcədə real olub-olmayacağını zaman göstərəcək: "Yeni ali lideri tanımayana, onun praqmatik, yaxud, iki sələfi kimi, daha bir qatı ideoloq olub-olmadığını bilməyənədək dəyərləndirmək çətindir".
General İranın, iyunda İsraillə 12 günlük müharibədə olduğu kimi, kütləvi zərbələri koordinasiya etməyə çaba göstərdiyini deyir: "Görünür, liderlər qətlə yetiriləndən sonra aşağı bölmələrə səlahiyyət verilib və öncə təsdiqlənmiş hədəflərə qarşı tədbirlər görülür".
"Prezidentin aydın dediyi kimi... ABŞ-nin, İsrailin və digər əməliyyatların məqsədi elə şərait yaratmaqdır ki, xalq, rejimə sadiq olmayan qüvvələr rejimi devirə bilsin. Bunun gerçək olub-olmayacağını isə görəcəyik", – general vurğulayıb.
Parçalanma mümkündür
Bundan sonra nə gözləmək olar – İslam İnqilabı Keşikçiləri Korpusunun güclənməsinimi, dini isteblişmentdə parçalanmasınımı, yoxsa alternativ güc mərkəzinin yaranmasınımı?
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlunun bu sualına general Petraus belə cavab verib ki, parçalanma ehtimalı mümkündür. Bir iranlı akademikin müşahidəsinə görə, vaxtilə rejim 80 faiz əsl dindarlardan – sərt xətt tərəfdarları və fundamentalistlərdən, 20 faiz şarlatanlardan, yəni axına qoşulanlardan ibarət olub. İndi isə həmin akademik bu göstəricilərin 80 faiz şarlatanlar, 20 faiz əsl dindarlar olduğunu deyir.
"Belədirsə, onda praqmatiklərin rejimi ələ keçirməsinin məqamıdır. Rejim 1979-cu ildən bəri İran rialının 99 faiz dəyərsizləşməsinə, beynəlxalq təcridə, ölkədə yoxsulluğa səbəb olub. Bu xüsusi bir uğur göstəricisi deyil", – Petraus vurğulayır.
Bəs, rejim dəyişikliyi daxildən olmalıdırsa, bu nə qədər realdır? Axı sıravi iranlılar silahsızdır və təşkilatlanmayıblar.
"Onların silahı, təşkilatı, real hərbi gücü yoxdur. Bu, yalnız rejim daxilindəki elementlərdən gələ bilər. Bu elementlər hərbi güc üzərində monopoliyaya, liderliyə malikdir, rejimin bəzi üzvlərini kənarlaşdıraraq xalqı bir araya yığa bilər. Belə durumlarda daha çox silahı olan, qəddarlığa daha həvəsli xalq çox vaxt uduzur. Sovet İttifaqının dağılmasından, "Berlin divarı"nın yıxılmasından sonra bəzi rəngli inqilablar avtoritar rejimlərin axırına çıxıb. Bu da ümid verir", – general deyir.
Mümkün eskalasiyaya necə hazırlaşmalı?
General Petrausun fikrincə, ABŞ, İsrail və digərləri İranın qarşılıqlı zərbələr endirmək qabiliyyətini mümkün qədər tez azaltmalıdır. Təkcə raketlərini və raket buraxılışı qurğularını deyil, istehsal obyektlərini də vurmalıdır: "Eyni şey yaxın və uzaq məsafəli dronlara, Körfəzdə nəqliyyatı pozan donanma gəmilərinə də aiddir. ABŞ-nin dünən doqquza yaxın belə gəmini vurduğu deyilir".
Bəs, bütün bunlar İranın regiondakı əlaltı qruplarına necə təsir edəcək? ABŞ və tərəfdaşları mümkün eskalasiyaya necə hazırlaşmalıdır?
Petraus bütün proksilərin dramatik şəkildə zəiflədildiyini bildirir, "Hizbullah" da onların sırasındadır. HƏMAS daha ciddi strateji təhdid yaratmır, Suriya daha İranın müttəfiqi deyil: "İndi əsas məsələ onların İranı dəstəkləmək üçün mümkün cəhdlərinə qarşı hazırlıqlı olmaqdır. 11 Sentyabr terrorundan bəri İsrailin yanaşması dəyişib, o, keçmişdə olduğu kimi, təhdidlərin yenidən formalaşmasına imkan verməyəcək".