Logo
news content
User
Kateqoriyalar

Müsahibə

Məzmun çətinliyi, ya forma qəlizliyi: budur məsələ
Buraxılış imtahanları yenə kütləvi etirazlar doğurdu…

Bu il martin 9-da keçirilmiş buraxıılış imtahanları kütləvi etiraz doğurdu. Sosial mediada “Suallar çox çətin idi”, “Vaxt az idi” mesajları baş alıb gedir. DİM isə etirazları qəbul etmir. Bildirilir ki, testlərdə sadə, orta, çətin sualların nisbəti gözlənilib və imtahan müddəti əvvəlki illərdən fərqlənmir. Rəsmilərin fikrincə, doğru hökmü imtahan nəticələrinin statistik təhlilindən və əvvəlki illərlə müqayisəsindən sonra vermək olar. 

Kütləvi etiraz həmişə haqlı etirazdırmı? Doğrudanmı builki suallar çox çətin idi? Bu suallarla Azərbaycan dili dərsliklərinin həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılova müraciət etdik.

– Rafiq müəllim, etirazlar daha çox Azərbaycan dili fənni ilə bağlıdır. Yəqin ki, sualları nəzərdən keçirmisiniz. Onların çətinlik dərəcəsi ilə bağlı fikrinizi bilmək maraqlı olardı.

– Doğrudan da, çətin sualların sayı çox idi. Amma… Sualların çətinliyi məzmunla bağlı olsaydı, bu qədər səs-küy qalxmazdı. Problem – testlərin forma qəlizliyində, yəni lazımsız çətinliyindədir. Baxırsan ki, adi bir biliyi yoxlamaq üçün sual elə tərtib olunub ki, şagird uzun müddət onun üzərində baş sındırmalı olur. Bəlkə də, həmin suallar DİM-in test bazasında asan və ya orta çətinlikli sual kimi şifrələnib. Amma nəzərə almaq lazımdır ki, forma qəlizliyi qiymətləndirməni düzgün aparmağa mane olur. Şagird tələb olunan biliyə malik olsa da, sualın ifadə forması bu biliyi nümayiş etdirməyə imkan vermir.

– Forma qəlizliyi dedikdə nəyi nəzərdə tutursunuz? Bir nümunə deyə bilərsinizmi?

– Qapalı test sualları adətən iki və ya üç komponentdən ibarət olur: sualın şərti, nümunə, cavab variantları. Amma DİM testlərində tətbiq olunan “klaster”, “Venn diaqramı” kimi modellər çox zaman dörd komponentli olur: şərt, sxem və ya diaqram, sadalanan xüsusiyyətlər və cavab variantları. Bəzən sualların şərti anlaşıqlı ifadə olunmur, onları bir neçə dəfə oxumaq lazım gəlir. Bundan başqa, suallarda çox zaman yanlış olanı tapmaq tələb olunur ki, bu da testologiyada çətinlik dərəcəsini artıran məqamlardan biri sayılır. Hətta “Doğru – yanlış - ehtimal” deyilən sual modeli var ki, burada yanlış cavab “yanlış” sütununda verildiyi üçün şagird onu düzgün cavab kimi götürməlidir. Halbuki bu cür testlərdə yoxlanılan biliyi sadə formada da soruşmaq olardı.

– Məlumdur ki, Azərbaycan dili imtahanında şagirdlərin oxu bacarığı və dil qaydaları üzrə bilikləri qiymətləndirilir. Bu komponentlərin hər birinə ayrılıqda münasibətinizi bilmək istəyərdik.

– Fikrimcə, dil qaydalarının hazırkı qiymətləndirmə konsepsiyası “mənəvi qocalıq” dövrünü yaşayır. Məzmun, mahiyyət baxımından müasir testlər 25 il əvvəlki testlərdən fərqlənmir: yenə fonetik, morfoloji, sintaktik təhlillər, yenə sxolastik qrammatika. Fərq yalnız formada, sual modellərindədir. Halbuki dil tədrisinin müasir konsepsiyasına görə dil qaydaları yazı savadına xidmət edən məzmun xəttidir. Onun əsas məqsədi ədəbi dilin normalarına uyğun yazı bacarığını formalaşdırmaqdır. Amma son illərdə qarşılaşdığım DİM testlərində akademik biliklər prioritet kimi götürülür. Sözügedən imtahanda on sualdan onu da bilik yönümlüdür; heç bir sual dil qaydalarının nitqdə tətbiqini yoxlamır.  Belə sualları qəbul imtahanlarına salmaq doğru olardı (o da – forma qəlizliyini aradan qaldırmaq şərti ilə). Buraxılış imtahanlarında isə üç əsas bacarığı yoxlamaq məqsədəuyğundur: sözlərin düzgün yazılışı, durğu işarələrindən yerli-yerində istifadə, qrammatik qaydaların tətbiqi.

– Bəs oxu bacarığının qiymətləndirilməsi ilə bağlı nə deyə bilərsiniz? Müəllimlər mətnlərin böyüklüyündən şikayətlənirlər.

- Mətnlərin həcmi ilə bağlı müəllimlərin etirazı ilə razı deyiəm. Çətinliyi törədən həcm deyil, test tərtibçisi tərəfindən mətnə çoxlu sayda müdaxilələrin olunmasıdır:  qrafik kodlar – kvadratlar, üçbucaqlar, bəzi cümlə və abzasların çərçivədə verilməsi, nömrələnməsi, fərqli şriftlə verilməsi və s. Bu müdaxilələr şagirdin fikrini yayındırır, mətni rahat oxuyub qavramağa mane olur. Bəzən hətta cümlələr baş-ayaq verilir ki, sonradan həmin cümlələrə sual qoyulsun. Yaxşı olardı ki, mətnin dil-üslub baxımından təkmillədirilməsi yazı bacarığını yoxlayan ayrıca bir sual modeli kimi tətbiq olunsun, çünki bu bacarığın oxu ilə heç bir əlaqəsi yoxdur. Kurikulumda bu məzmun standartı “yazı” məzmun xəttində yer alıb.

Mətnə qoyulmuş sualları nəzərdən keçirəndə belə bir təəssürat yaranır ki, test yazanlar qarşısında qoyulan əsas tələb müəyyən formalara yönəlik sual tiplərindən istifadə olunmasıdır; yenə də klaster, Venn diaqramı və s. Əslində isə, oxuyub-anlamada məqsəd şagirdin müxtəlif səviyyəli idraki bacarıqlarını – faktoloji qavrama, əlaqələndirmə, təhlil və refleksiyanı yoxlamaqdır. 

– Müəllimlər tez-tez orta məktəb dərslikləri ilə DİM qiymətləndirməsi arasındakı uyğunsuzluqlardan, hətta ziddiyyətdən danışırlar. Bir dərslik müəllifi kimi, bu haqda nə deyə bilərsiniz?

– Bildiyim qədər, DİM ekspertləri tədris proqramı və dərslik materialları çərçivəsində işləyirlər. Hər bir test sualının tədris materiallarına uyğunluğu yoxlanılır. Son dövrdə hər hansı uyğunsuzluğa rast gəlməmişəm. Söhbət qiymətləndirmədə nəyə üstünlük verilməsindən gedə bilər. Azərbaycan dili fənninin bütün məktəb məzunları üçün və humanitar sahələrdə təhsilini davam etdirmək istəyənlər üçün nəzərdə tutulmuş mövzuları var. Buraxılış və qəbul imtahanları üçün test tərtib edərkən buna diqqət yetirmək lazımdır. Hər hansı texniki peşə sahəsinə yönələn məzunun dilçilik üzrə akademik biliklərini yoxlamağı lüzumsuz hesab edirəm. 

Təəssüf ki, nə qədər şəxsiyyətyönümlü, həyatyönümlü təhsildən danışsaq da, əslində, təhsilimiz imtahanyönümlüdür. Bəzən müəllim və valideynlərimiz təhsillə qiymətləndirmənin funksiyalarını qarışdırırlar. Onlara elə gəlir ki, dərsliklər şagirdləri imtahana hazırlaşdırmağa xidmət etməlidir. Ona görə də dərslikdə DİM-in tətbiq etdiyi test modellərini görməyəndə uyğunsuzluqdan şikayətlənirlər. Bəzən hətta dərsliyi bir kənara qoyub DİM vəsaitləri ilə şagirdləri imtahana hazırlaşdırırlar. Halbuki dərsliklərdə elə tədris materialları olur ki, kütləvi imtahanlarda onları qiymətləndirmək hələ ki qeyri-mümkündür, lakin şagirdlərin şəxsiyyətyönümlü inkişafı üçün vacibdir.

– Demək olar ki, hər il imtahanlar zamanı “sosial təlatümlər”lə üzləşirik. İctimaiyyət ETN-lə DİM arasında qarşıdurmadan danışır. Bəziləri hətta bu iki qurumun birləşdirilməsini təklif edir.

– Dünya təcrübəsi göstərir ki, təhsil verən və nəticələri qiymətləndirən qurumlar ayrı olmalıdır. Lakin bu qurumlar arasında daha sıx əməkdaşlıq təhsilin inkişafı üçün faydalı olar. Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsində bəzi fundamental araşdırmalara ehtiyac var. Məsələn, Azərbaycan dilində mətnlərin mürəkkəblik dərəcəsini ölçən meyarlar müəyyənləşdirilməlidir. Bundan başqa, şagirdlərimizin söz ehtiyatı və oxuyub-anlama sürəti haqqında məlumatsızlıq həm tədris prosesində, həm də imtahanlarda problemlər yaradır. Bir sözlə, görüləcək işlər çoxdur və onların icrası üçün əlaqədar qurumlar bir mənafedən çıxış etməlidir: təhsilin inkişafı.