Logo
news content
User
Kateqoriyalar

İcmal

"Yaxşı olardı ki, Minsk Qrupunda Fransanı Almaniya əvəzləyərdi"

Dağlıq Qarabağ üzrə tanınmış ekspert, Karnegi Avropa Fondunun mütəxəssisi Tomas de Vaal "Azadlıq" radiosunun Ermənistan xidmətinin suallarını cavablandırıb.

Ekspert düşünür ki, münaqişə tamamilə fərqli bir mərhələyə daxil olub. Atəşkəs əldə edilib, ancaq siyasi razılaşmadan söhbət gedə bilməz:

“İndi Dağlıq Qarabağın statusu məsələsini həll etmək, məncə, çox çətindir. Azərbaycan tərəfi bu məsələni artıq müzakirədən çıxarılmış sayır. Ancaq Ermənistanla Azərbaycan arasında münasibətlərin gələcəkdə normallaşması üzrə danışıqlar aparılmalıdır. Məncə, ATƏT-in Minsk Qrupu hazırda mümkün olan yeganə formatdır”.

Tom de Vaal vəziyyətə Rusiyanın nəzarət etdiyini, Birləşmiş Ştatlar və Fransanın vasitəçi rolunu oynaya biləcəklərinin sual altında olduğunu hesab edir:

“Bakının üzərində daha böyük təsiri ola biləcək Avropa ölkəsi görmək istərdim. Yaxşı olardı ki, həmin ölkə Fransanı əvəzləsin. Ola bilsin, Almaniya...”

Mütəxəssis Dağlıq Qarabağın statusu məsələsinin həllinin çox çətin olacağını vurğulayıb. Onun fikrincə, ermənilərin və Minsk Qrupunun nöqteyi-nəzərindən status danışıqların əsasında durur.

“Dağlıq Qarabağda nə baş verir? Ermənistan Dağlıq Qarabağda təhlükəsizliyin təminatçısı statusunu itirdi. Rusiyalılar əraziyə nəzarət edir. Digər tərəfdən, Rusiya Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edir. İndi Azərbaycan əsgərlərinin Xankəndində alış-veriş etdiyini görürük. İnanılmaz vəziyyətdir. Siz bütün bunları necə yozursunuz?”

Tomas de Vaal bu sualı belə cavablandırıb:

“Doğrudur, Rusiya Dağlıq Qarabağın de-yure Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayır. De-fakto isə indi o, Rusiyanın anklavıdır. Orada Rusiya sülhməramlıları yerləşdirilib. Ermənistan deyil, Rusiya ərazinin təhlükəsizlik patronuna çevrilib. Hətta rus dilinin Qarabağda rəsmi dil olmasından danışırlar. Məncə, qarabağlılar elə rusca danışırlar. Bəli, bu gün Dağlıq Qarabağ əslində Rusiyanın nəzarəti altındadır. Rusiya üçün o, Qafqazda itirmək istəmədiyi strateji ərazidir. Texniki baxımdan isə əlbəttə, deyirlər ki, Azərbaycanın ərazisidir”.

De Vaal qeyd edib ki, Rusiya regionda qeyri-sabit sülhün qalmasında maraqlıdır, bu halda Rusiya sülhməramlılarının varlığı əsaslandırılacaq. “Rusiya üçün tam sülh deyil, nə hərb, nə sülh vəziyyəti əlverişlidir. Buna görə də, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden nə isə eləmək istəyə bilər. Amma onlar da zəif mövqedən başlayırlar”, – deyə ekspert vurğulayıb.

Turqut