Logo
news content
User
Kateqoriyalar

İcmal

Rusiyada müharibə əleyhinə gizli sərgilər

Mənbə: Vaşinqton Post

Tərcümə: Novator

Rusiyada müharibə əleyhinə gizli rəsm sərgiləri fəaliyyət göstərir. Bunu ABŞ-ın “Vaşinqton Post” qəzeti yazıb.

Qəzetin Moskva bürosunun rəhbəri Robin Dikson həmin sərgilərdən birinə baş çəkib.

O, “Vaşinqton Post”da dərc etdirdiyi reportajda iştirak etdiyi sərginin Sankt-Peterburq şəhərində bir evdə təşkil olunduğunu, bələdçilərlə hava qaralanda dinməzcə avtobus dayanacağında görüşdüyünü, xüsusi xidmət orqanları izləyə bilməsin deyə bələdçilərin ona telefonu söndürmək, yolda az danışmaq, mənzilə qalxanda pilləkənlərlə düşən olsa kəlmə kəsməmək kimi tapşırıqlar verdiyini yazıb.

“Rusiyanın müharibə əleyhinə gizli sərgisinə baxmaq üçün qaranlıqda avtobus dayanacağında görüşməli, telefonlar sönülü olmalıdır” başlıqlı reportajında Robin Dikson bütün bunların ona sovet dövründə hakim ideologiya ilə uyuşmadığına görə evlərdə, emalatxanalarda təşkil edilən məxfi rəsm sərgilərini xatırlatdığını bildirib.

Müəllif qeyd edib ki, Ukraynada işğalçı müharibə aparan Rusiya prezidenti Vladimir Putin qan tökülməsinə qarşı çıxan hər kəsi, o cümlədən ictimai-siyasi fəalları, hüquq müdafiəçilərini, jurnalistləri, incəsənət xadimlərini susdurmaqla məşğuldur.

Rusiyada Ukrayna ilə müharibəni tənqid edənlərin ağır formada cəzalandırıldığını yada salan müəllif bu baxımdan pəncərələri kip örtülmüş yarıqaranlıq mənzildə gördüyü sərgidə tək azadlıq deyil, həm də qorxu ab-havası duyduğunu vurğulayıb.

Jurnalist sərgidə həbsdə olan fəalların, siyasi dustaqların şəkillərini, Rusiyanın Ukrayna təcavüzünə etiraz ruhlu rəsmləri, prezident Putinin şər fiqur kimi təsvir olunduğu əsərləri seyr edib.

Robin Diksonun yazdığına görə, heç yerdə reklam olunmayan bu sərgiyə giriş pulsuzdur, senzura yoxdur, kim istəsə əsərini gətirib burada nümayişə təqdim edə bilər.

Reportajda Kremlin bu cür sərgilərdən kənarda bütün rəsm sərgilərini sərt nəzarətə götürdüyü konkret faktlarla oxucuların diqqətinə çatdırılıb. Qeyd edilib ki, gizli sərgidə əsəri nümayiş olunan rəssamların bir çoxu müharibə əleyhinə mitinqlərdə iştirak etdiyinə görə həbs cəzasına məruz qalmış, əsərləri açıq sərgilərdən götürülmüş, yaxud polis reydləri zamanı müsadirə olunmuş şəxslərdir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.

Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.